İşıqlandırma

Landşaft işıqlandırılması gecələr sizin ərazinizin cazibədar görkəminin yaradılması üçün zəruridir. Landşaft işıqlandırılması – çöl işıqlandırmanın mühüm tərkib hissəsidir.

Biz buraya ağacların və hovuzların, eləcə də bağın cığırlarının  işıqlandırılmasını da aid edirik. Dekorativ bağ işıqlandırılması bu gün landşaft dizaynının ən effektiv üsullarından sayılır. Düzgün quraşdırılmış bağ işıqları sahənin estetik cəhətdən mükəmməl yaradılmasında çox mühüm rol oynayır və hətta bağın yaraşığına diqqəti cəlb etməyə imkan verir, yaxud da əksinə, onun  qüsurlarını gizlədə bilir. Bizim landşaft işıqlandırılması üzrə dizaynerimiz sizə bağınızdakı bitkilərin gözəlliyini gözə çarpdırmağa kömək edər!

İndiki dövrdə şəhər kənarında, bağ evindəki həyatı landşaft işıqlandırılması olmadan təsəvvür etmək mümkün deyildir. Bircə onu bilmək kifayətdir ki, çoxlarımız yalnız axşam saatlarında evlərimizdə oluruq və sutkanın bu vaxtı bağın gözəlliyindən landşaft işıqlandırılması olmadan zövq almaq sadəcə ağlasığmazdır.

Landşaft dizaynı
Landşaft dizaynı və onun minillik inkişaf tarixi incəsənətin müxtəlif növləri ilə üzvü surətdə bağlıdır. İlk növbədə, landşaft dizaynı memarlıqla, heykəltaraşlıqla, boyakarlıqla, eləcə də bitkiçilik, torpaq işlərinin aparılması kimi fəaliyyət növləri ilə paralel inkişaf etmişdir. 

Tarixən formalaşmış rəngarəng üslubların içində landşaft dizaynı özünün inkişaf dövrü ərzində hazırda gözdən keçirilən iki əsas istiqamətini yaratmışdır: nizami (həndəsi) və mənzərə üslubları.

Nizami bağın planlaşdırılmasında bir-birinə simmetrik yerləşən həndəsi fiqurlardan – düzbucaqlardan, romblardan, üçbucaqlardan, dairələrdən daha çox istifadə edilir.

Landşaft dizaynının bu istiqamətləri Şərqin, Yunanıstanın və Romanın qədim bağları üçün daha xarakterikdir.

Mənzərə istiqamətli landşaft dizaynı bağın planlaşdırılmasında istifadə olunan yumşaq xətləri, yol və cığırların təkrar olunan dolanbaclığı, relyefin qeyri-hamar olması, həmçinin hovuzların, çəmənliyin, talanın sərbəst konturları ilə kəskin şəkildə fərqlənir. Məhz bu üslub istiqamətli landşaft dizaynı adətən Çinin, Yaponiyanın, digər şərq ölkələrinin bağlarına xasdır.