Qazon

Qazon – dənli bitkinin-ot toxumunun səpildiyi və səthində sıx yaşıl örtüyün əmələ gəldiyi torpaq sahəsidir. Dənli bitkilər ionlaşdırmaq və fitonsid xüsusiyyətinə malikdir. Gözoxşayan çəmənlikdə güllərin, dekorativ kolların və ağacların əsrarəngiz gözəlliyi xüsusi olaraq nəzərə çarpır.

Qazonun və yaşıl örtüyün bir neçə növü mövcuddur. Seçdiyiniz sahədə məhz hansı qazonun yetişdiriləcəyi sizin seçiminizdən asılıdır. Bunlar parter, çəmən otu, yaxud mavritan qazonları ola bilər. Ola bilsin ki, siz öz seçiminizi ot örtüyü olmayan sahə üzərində saxlayasınız. Amma unutmayın ki, seçilən hər bir çəmənlik onun sahibinin fərdi zövqünü ifadə edir.

Adi bağ-park qazonu. Bu, qazonun daha geniş yayılmış növüdür. Adi qazon tez-tez gəzməyə çıxılan, yaxud ətrafda uşaq meydançasının yerləşdiyi ərazilər üçün optimal variantdır. Bundan savayı, belə qazon xüsusi qulluq da tələb etmir. Adi qazona verilən əsas tələblər – onun mexaniki zədələrə qarşı davamlılığı, uzunömürlüyü, dekorativliyi, kölgəyə dözümlülüyüdür. Adi qazonu yaratmaqdan ötrü dənli bitkilərdən istifadə olunur.  Belələrinə çəmənlik qırtıcını, qırmızı yulafı, adi tarlaotunu, çoxillik qaramuqu, çəmənlik yulafını, ağ yoncanı aid etmək olar. Bu zaman bəzən  hətta 3-5 növ ot toxumlarının qarışığından da istifadə edirlər.

Parter qazonu. Bir qayda olaraq bu qazonlar bağ-park kompozisiyalarının ön planlarında, binaların girişlərində, fəvvarələrin, heykəl və abidələrin ətraflarında düzəldilir. Parter qazonları mütləq yumşaq, rənginə görə yekcins, hamar, aşağı otluluğa malik olmalıdır. Qazonun yumşaq səthini yaratmaqdan ötrü yalnız çölotu, qırmızı yulaf və çəmənlik qırtıcı kimi ensiz yarpaqlı və balacaboy dənli bitkilərdən istifadə olunur. Adətən bu otların 1 və ya 2 növünü səpirlər ki, cücərib böyüyəndə yekcins otluq əmələ gəlsin.

Çəmənlik qazonu. Bu qazonlar təbii mənşəli mövcud otluq toxumların yaxşılaşdırılması yolu ilə əldə edilir. Çəmənlik qazonunda soğanaqlı bitkiləri yetişdirmək və onu bir neçə il ərzində  torpaqda saxlamaq mümkündür.  Belə qazonun üstünlüyü ondadır ki, onu tez-tez kəsməyə, suvarmağa ehtiyac yoxdur.

Mavritaniya qazonu. Olduqca incə ot örtüyüdür ki, bunun tərkibinə dənli bitkilərdən başqa çöl çiçəkləri də daxildir. Mavritaniya çiçəkli qazonlarının 5-20 faizi çoxillik və birillik çöl çiçəklərindən, qazonun yerdə qalan hissəsi isə çoxillik dənli bitkilərdən ibarət olur. Bir qayda olaraq belə qazonlara çiçəklər elə seçilir ki, yaşıl örtükdə çiçəklənmə daim davam eləsin. Yəni, buradakı bitkilərin çiçəklənmə dövrləri müxtəlif olmalıdır. Çiçəkaçan qazonlar hazırda daha populyardır, çünki onlar tələbkar deyillər və praktiki olaraq qulluğa ehtiyac duymurlar, amma bununla belə, özünün gözəlliyi ilə baxanları riqqətə gətirirlər. Mavritaniya qazonlarını böyük tikililərin yaxınlığındakı çəmənliklərdə, eləcə də süni su hövzələrinin sahillərində də yaratmaq olar. Hər bir qazon növü özünün müəyyən dəyərinə malikdir. Seçim zamanı istənilən detalları, o cümlədən, qazonun yetişdiriləcəyi torpağın formasını və ətraf atmosferi də nəzərə almaq vacibdir.

İdman qazonlarının tərkibində tezyetişən dənli bitkilər mövcuddur ki, bunlar da qazonun tez bir zamanda bərpasına şərait yaradır. Digər qazonlarla müqayisədə idman qazonları tapdanıb xarab olmağa daha dözümlüdür. Bu da çox güman ki, elastik gövdəli otların və yaxşı inkişaf etmiş köklərə malik bitkilərin sayəsində mümkün olur. Mütəmadi qulluq göstərildikdə idman qazonları böyük yüklənmələrə və üzərində intensiv hərəkətlərə tab gətirməyə qadirdir. İdman qazonlarından təkcə peşəkar oyun meydançalarında deyil, həm də məktəb və düşərgələrdəki idman meydançalarında da istifadə edilə bilər.

 

Qazonların yaradılıması üsulları.

Qazonların yaradılmasının üç əsas üsulu mövcuddur:

  • Rulon formalı

Rulonlu qazon rulon formasında cərgə ilə yanaşı düzülmüş iki illik hazır qazondur. Bu qazon özünün yaradılması üsulu ilə fərqlənir. Siz rulonlarda cücərdilmiş, xalça kimi bükülüb-açılan hazır yamyaşıl çimləri əldə etmək imkanı qazanırsınız. Adi torpaq çimlərindən ibarət döşəmə bu qazonun ən tez yaradılması üsulu kimi qəbul olunmuşdur. Cəmi bir neçə həftə ərzində artıq  tamamilə formalaşmış, istifadəyə hazır qazon ixtiyarınızda olur. Belə qazonun heç bir tapdalanmadan qorxusu yoxdur.  Gənc və möhkəm cücərtilər qara pəncələrə, quşlara, pişiklərə və birillik alaq otlarına qarşı dözümlüdür. Torpaq döşəməni hərtərəfli yumşaltmağa ehtiyac yoxdur, çimlər dərhal çılpaqlaşmış sahələri yaşıla bürüyür və bu zaman yeni qazonun sərhədləri çox dəqiqliklə özünü göstərir. Toxum səpilmiş çimlərdən ibarət döşəmə - qazon hazırlanmasının ən operativ, eyni zamanda da ən bahalı üsuludur. 

  • Adi toxumlu (səpilən qazon)

Əllə səpmə - qazon əmələ gətirməyin ən ucuz üsuludur. Toxumun səpini üçün zəminin hazırlanması səliqə və dəqiqlik tələb edir. Burada ən əhəmiyyətli rolu zəminin alaq otlarından təmizlənməsi oynayır. Çünki, yeni ot örtüyü bütün sahəni basana qədər qazonu alaq otlarının bürüməsi təhlükəsi durmaqdadır. Əgər səpin sahəsində toxum cücərdən təbəqənin qalınlığı 10 santimetrdən aşağıdırsa, yaxud zəmidə ağır gil, palçıq örtüyü çoxdursa, bu halda torpağın dəyişdirilməsi zəruridir. Bundan əlavə, əgər toxum cücərdən təbəqə inşaat işlərinin gedişində sıradan çıxarılıbsa, bu halda da torpağın təzələnməsi vacibdir.

Ot toxumlarını səpməyə başlamazdan əvvəl, həmin sahə daşlardan və zibillərdən təmizlənir, torpaq təqribən 30-35 santimetr dərinliyinə qədər şumlanır və səthi dırmıqla  hamarlanır. Sahənin yaz fəslində yenidən şumlanması zamanı buraya fosfor-kalium gübrələri əlavə edilir, azotu isə toxumu səpməmişdən əvvəl vermək lazımdır. Toxum torpağın səthinə bərabər miqdarda səpilir, sonra dırmıqla 1.5 – 3 santimetr dərinliyində torpaqlanır,  üstdən isə vərdələnir. Bundan sonra sahəni nəm vəziyyətdə saxlamaq vacibdir. Toxumları yuyub aparmamaqdan ötrü zəmini səliqə və ehtiyatla suvarmaq lazımdır. Cücərən otun hündürlüyü 15-17 santimetrə çatdıqda gənc qazonun səthini biçməyə başlamaq olar.