Qış bağı

Qış bağı – interyerə tərtibat verilməsinin ən mürəkkəb növlərindən biridir. Buranın gözəlliyi ondan ibarətdir ki, eyni zamanda həm bağdır, həm də yaşayış sahəsidir. Qış bağı həmçinin, evin yardımçı hissələri sayılan eyvan, aynabənd, balkonlar, lociya, eləcə də binanın ayrı-ayrı guşələri kimi, ayrıca inşa edilmiş tikili qismində də xidmət göstərə bilər. Daxili dizaynın maraqlı həlli qış bağının ərazisinin hovuzla birləşdirilməsi sayılır.

Qış bağının yaradılmasının qanunları və prinsipləri bütövlükdə adi bağların tərtibat qayda-qanunu ilə üst-üstə düşür.  Amma ölçülərinin məhdud olmasına və yaşayış sahələrinə yaxınlığına görə qış bağının tərtibində buraxılan səhvlər daha tez gözə çarpır. Qış bağının daha düzgün və uğurlu dizaynı mütəxəssislərin, memarın və landşaft dizaynerinin işə cəlb olunması nəticəsində yaradıla bilər. Onlar sizin qış bağınız üçün ən optimal texnoloji və estetik həll variantını tapmaqda köməklik göstərə bilərlər.

Yaşayış sahələrinin yaşıllaşdırılması estetik vəzifədən savayı, həm də böyük praktiki əhəmiyyətə malikdir: bitkilərin köməyi sayəsində otaqların havası sağlamlaşır, havanın zəruri rütubətliliyi təmin edilir, zərərli karbon qazı udulur. Düzgün seçilmiş və səliqəli yerləşdirilmiş bitkilər əsəb gərginliyini aradan qaldırmağa kömək edir, otaqlara gözəllik verir, rahatlıq yaradır və sakitləşdirir.

Qış bağı yaradılan zaman, hər şeydən əvvəl, onun üslubunu, yəni, bu, ekzotik cığırlarmı, su bağımı, qayalıq mənzərəmi, yapon bağımı, italyan pationumu, yaxud səhra landşaftımı olacağını müəyyən etmək lazımdır. Seçilmiş üslubdan asılı olaraq bağ üçün zəruri bitkilər götürülür. Qış bağına qulluq dedikdə suvarma, torpağın yumşaldılması, qazonun vaxtında təzələnməsi, onun müalicəsi və ziyanvericilərlə mübarizə nəzərdə tutulur.