Balaxanıda abadlıq işlərində yerli sənətkarların rolu

"Bakı Abadlıq Xidməti" Balaxanıda abadlıq işlərinə başlayarkən əsas məqsədlərdən biri yerli rəssamlara dəstək verilməsi, onların sənətlərinin qorunub gələcək nəsillərə ötürülməsi idi. Bu məqsədlə bir sıra mühüm layihələr həyata keçiridi. Balaxanılı rəssamlar Tahir və Emin Ələkbərov qardaşlarının qurduqları "AzFresco" rəssamlar qrupunun rəhbərliyi ilə aparılan bu işlər zamanı Balaxanının özünəməxsusluğu daha da vurğulandı. Rəssam deyir ki, divar rəsmlərinin yaradılmasında həm yerli, həm də dəvət olunmuş sənətkarlar iştirak etdilər. Balaxanının yerli rəssamlarından Bəxtiyar Yusifov və Ramin Məmmədov öz yaradıcılıqları ilə bu mühüm işlərə imza atdılar. Belə ki, Dirçəliş küçəsində neftlə bağlı təsvirlər onların əl işidir. Qırmızı, sarı malalı evlərin yenidən bərpa olunmasında isə Əzizbala Dadaşovun və Bəxtiyar Yusifovun zəhməti danılmazdır. Rəssam Emin Ələkbərov deyir ki, divarlardakı metal döymə sənət nümunələri Əzizbala Dadaşov tərəfindən hazırlanıb, dekorativ relyef işləri isə onun rəhbərliyi ilə Sutanağa Sultanov tərəfindən icra edilib. Balaxanılı heykəltəraş Arif Musayev tərəfindən “Məşədi İbad” adlı heykəl yaradılıb. Balaxanının tarixi ilə bağlı xüsusi vurğulanmalı işlərdən biri də Tural Rzaquliyevin yaratdığı ilk film abidəsidir. Bu abidə 1874-cü ildə Mişonun çəkdiyi neft fontanı haqqında ilk filmə ithaf edilib.
Qəsəbədə daşdan oyma işləri, milli musiqi alətləri və bulaqların hazırlanması ilə bağlı mühüm işlər Mehman Nuriyevin əməyi ilə həyata keçirilib. Xüsusilə, Səfəvilər və Dircəliş küçələrində tar və kamança kimi milli musiqi alətləri təsvir edilmiş daş oyma sənətindən istifadə olunmuşdur. Həmçinin, dekorativ bulaqların hazırlanması da qəsəbənin zəngin mədəni irsinin bir hissəsini təşkil edir.
Layihələr çərçivəsində şəhidlərimiz də unudulmadı. Məsələn, Mehdi Hüseynovun barelyefi hazırlanıb. Balaxanı ilə yanaşı Ramanada da yerli rəssamlar qrupu formalaşdırılıb və burada heykəltəraşlıq əsərləri yaradılıb. Həm yerli, həm də dəvət olunmuş rəssamlar bu işlərdə birgə çalışıblar. Məqsəd Balaxanını və Ramananı həm tarixi, həm də mədəni baxımdan zəngin bir məkan kimi təqdim etmək və tarixi irsimizin qorunması idi.
Balaxanıda divar təsvirlərinin hazırlanması olduqca diqqət tələb edən proses idi. Hər bir eskizin təklif olunması, müzakirəsi və təsdiqi ciddi planlaşdırma əsasında həyata keçirilirdi. Bu monumental əsərlər, açıq hava şəraitində, ətraf mühitlə uyğunluq təşkil etməli idi. Təkliflər geniş müzakirə edilirdi ki, təsvirlərin məkana uyğunluğu təmin olunsun. Məkanın seçilməsi prosesinə xüsusi diqqət göstərilirdi. Bu işlər zamanı rəssamlar qrupu məkanları gəzərək divarların mövqeyini, onların tarixi, mədəni və vizual əhəmiyyətini nəzərə alırdılar. Məkan seçimi zamanı məqsəd təsvirlərin həmin əraziyə tam uyğun olmasını təmin etmək idi. Bu mərhələdə həm rəssamların təcrübəsi, həm də dizayn prinsipləri nəzərə alınırdı. Vizual effektlərə də xüsusi önəm verilirdi. Turistlərin diqqətini çəkmək üçün xüsusi vizual elementlər daxil edilirdi ki, təsvirlər daha maraqlı və interaktiv görünsün. Hazırlanmış eskizlər ekspertlər qrupu tərəfindən baxılır, uyğunluq və keyfiyyət yoxlanıldıqdan sonra təsdiq olunurdu. Bu mərhələdə rəssamlar işin yerində düzgün icrasına xüsusi diqqət yetirirdilər. Bu prinsiplər yalnız Balaxanıda deyil, Ramanada da tətbiq edildi.
Divar təsvirlərinin hazırlanmasında akrilik, su tərkibli boyalardan istifadə olunub. Bu boyalar uzunömürlülüyü ilə seçilir və hava şəraitinə — yağışa, qara qarşı davamlıdır. Lakin boyaların dayanıqlığı divarların texniki vəziyyətindən, xüsusilə də rütubətdən və düzgün suvaq işlərinin aparılmasından asılıdır. Boyaların davamlılığını təmin edən amillər divarların quru və rütubətsiz olması, keyfiyyətli suvaq işlərinin aparılması, üzərinə tətbiq olunan boyaların texniki normalara uyğun seçilməsi. Uzunömürlülüyü qorumaq üçün mütəmadi olaraq bərpa və restavrasiya işləri aparılmalıdır. Zamanla hava şəraitinin təsiri ilə təsvirlərdə dəyişikliklər yarana bilər. Buna görə, həm sakinlərin, həm də müvafiq qurumların baxımı vacibdir.
Bu layihə yalnız Balaxanı ilə məhdudlaşmır, eyni zamanda Pirşağı, Novxanı, Əmircan və digər qəsəbələri də əhatə edir. Novxanı qəsəbəsində Azərbaycanın tanınmış rəssamı, karikatura ustası və əməkdar incəsənət xadimi Əzim Əzimzadənin irsinə xüsusi diqqət yetirilir. Əzimzadənin burada doğulması onun yaradıcılığı ilə bağlı təsvirlərin qəsəbədə yerləşdirilməsini aktuallaşdırır. Bu təsvirlər Novxanı qəsəbəsinin memarlığına və mənəvi atmosferinə uyğun şəkildə seçilərək divarlara tətbiq ediləcək.
Divar təsvirlərinin qorunması sakinlərin və “Bakı Abadlıq Xidməti”nin birgə səyi ilə mümkündür. Bu təsvirlər yalnız estetik yox, həm də mədəni və tarixi əhəmiyyət daşıdığı üçün onların qorunması xüsusi diqqət tələb edir. Müntəzəm olaraq bərpa işləri aparılmalı, təsvirlərin ilkin vəziyyəti saxlanılmalıdır. Bu layihə mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyətə malikdir.