Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Səhləbin köçürülməsi - Master-klass

Son zamanlar səhləblər ən məşhur otaq güllərinə çevrilməkdədir. Bu gülü, adətən, çiçəklərinə görə alırıq. 2 ildən sonra isə köklərin bütün dibçəyi əhatə edərək qurumasına, dibçəyin dəliklərindən cücərməsinə və yarpaqların üzərindəki ləkələrə diqqət etməliyik. Bəs Falenopsis səhləbləri çiçəklərini tökdükdə nə etməliyik? 

Xəstə səhləblərin müalicə metodlarından biri yerinin dəyişdirilməsidir. Məhz bu zaman səhləb xəstə köklərdən, yarpaqlardan və substratdan “canını xilas edə bilər”. Budəfəki “master-klass” rubrikamızda ev şəraitində səhləbin dibçəyini dəyişdirəcəyik.

 

• Əvvəlcə qayçını spirtlə dezinfeksiya edirik. Səhləb zərif bitki olduğundan kök kəsiklərinə düşən mikrob asanlıqla müxtəlif xəstəliklərə səbəb ola bilər.

• Beləliklə, falenopsisin dibçəyini dəyişməyə başlayırıq. Kökləri zədələməmək üçün dibçəyi səliqəli formada çıxarırıq.

• Köhnə substratı silkələyib tökün. Kökləri qoparmadan substratdan ayırın.

• Quru kökləri dezinfeksiya edilmiş qayçı ilə kəsməyə başlayın.

• Bütün kökləri təmizlədikdən sonra falenopsisin köklərini 20 dəqiqə zəif kalium-permanqanat məhlulunda saxlayın. Sonra kökləri məhluldan çıxarın və bir müddət qurumasını gözləyin.

• Səhləbin dibçəyini hər iki ildən bir dəyişmək lazımdır. Bir qayda olaraq, falenopsislər şəffaf dibçəklərdə əkilir. Çünki onların kökləri xlorofili yalnız günəş işığının təsiri altında istehsal edir.

• Sonra dibçəyi spirtə batırılmış pambıqla dezinfeksiya edin.

• Səhləbi əkmək üçün bizə xüsusi substrat (az miqdarda torfla qarışdırılan şam ağacı qabıqları) və drenaj üçün keramzit lazım olacaq.

• Dibçəyin dibinə bir az keramzitlə qarışdırılan substrat tökmək lazımdır. Sonra səhləbin köklərini substratın üzərinə yerləşdirin.

• Substratı yuxarıdan dibçəyə tökün və yüngülcə silkələyin.

• Falenopsisin hava köklərinin üzərini qabıqla örtməyin. Onlar otaq atmosferindəki rütubəti canına çəkəcək.

• Bütün bu deyilənlərə düzgün əməl etsəniz, artıq bir-iki aydan sonra səhləbinizin çiçək açmasının şahidi olacaqsınız.