Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Ətirşah (Geranium)

Bağ ətirşahları (Geranium) – adi yabanı meşə və çöl çiçəklərinin yaxın qohumlarındandır. Buna görə də onlar çox tələbkar deyillər. Zərif çiçəkləri və dekorativ yarpaqları asan qulluq edilən, gözəl bağa sahib olmaq istəyənlər üçün əsl tapıntıdır.

Bağ ətirşahlarının böyük gələcəyi var. Bu bitkilər dözümlüdür, müxtəlif torpaqlarda və müxtəlif işıqlanma şəraitində yetişə bilir. Onlar başqa çiçəklərlə uyğunlaşa bilməklə yanaşı, torpaqda gözəl örtük rolunda ola bilirlər. Ətirşahlardan istifadə imkanları bu bitkiyə olan marağın gündən-günə artması nəticəsində əmələ gələn yeni sortların və hibridlərin sayəsində genişlənməkdə davam edir. Ətirşahlar – şəhərkənarı gəzintilər zamanı tez-tez rast gəlinən adi meşə və çəmənlik bitkiləridir. Onlar zərif və xoş olsalar da, bağlarını tam təbiət stilində görmək istəyənlərdən başqa, heç kimdə bu çiçəkləri tezliklə öz bağında yetişdirmək istəyi yaratmır. Yabanı ətirşahlardan fərqli olaraq bu sözləri cinsləşdirilmiş bağ sortlarına aid etmək olmaz. Adi çəhrayı-bənövşəyi çiçəkləri olan meşəətirşahı (Geranium sylvaticum) seleksiya nəticəsində artıq ağ çiçəkləri ilə son dərəcə gözəl görünüşə malikdir. “Mrs.Kendall Clark” adı almış çəmən ətirşahının (Geranium pratense) incə çiçəklərinə laqeyd qalmaq  qeyri-mümkündür. Onu mütləq elə yerdə əkmək lazımdır ki, yaxınlaşıb açıq-mavi ləçəklərində ağ damarcıqların əmələ gətirdiyi zərif naxışlara baxmaq mümkün olsun. Həmin çəmən ətirşahının çoxləçəkli növlərindən birinin (Plenum Violaceum) bənövşəyi “qızılgül”ləri qarşısında da heyran olmamaq əldə deyil. Meşənin kənarlarında bitən tünd-qırmızı ətirşahın yabanı növünün çiçəkləri parlaq al-qırmızı olduğu halda, onun “mədəni yoldaşlarının” rəngləri müxtəlifdir: “Stratium” – açıq-çəhrayı, “Shepherd’s Warning” – parlaq-çəhrayı, “Glenluce” – çəhrayı-yasəməni. “Elke” ətirşahının moruğu rəngli çiçək ləçəklərinin qırağındakı ağ haşiyələrsə ona xüsusi gözəllik verir.

Əlbəttə ki, 300-ə yaxın növü olan ətirşahlar nəslinin zənginliyi qeyd etdiklərimizlə bitmir. Bizim bağlarda bu bitkinin gürcü, himalay, qırmızı-qonur, irikökümsov gövdəli, yastıyarpaqlı, xırdaerkəkcikli və bir çox başqa sortlarının nümayəndələri yerli ətirşahlar qədər uyğunlaşıblar. Müxtəlif növlərin çarpazlaşdırılmasından alınan hibridlər də çox geniş yayılıb. Onların arasında əsl incilər var. Məsələn, çəmən və himalay ətirşahının hibridi “Johnson’s Blue” lavanda rəngli çiçəkləri ilə artıq 50 ilə yaxındır ki, liderliyi saxlayır. Hündürlüyü 40–60 sm-ə yaxındır. Çiçəkləri solduqdan sonra budaqları kəsilsə, yenidən çiçək açar. Çiçəklərinin diametri 5 sm olan bənövşəyi-göy rəngli “Rozanne” hibridi çox yüksək qiymətləndirilir. Çiçəyin ortasındakı ağ rəngdə gözcüyün fonunda tünd erkəkciklər aydın seçilir. Ləçəklərin mərkəzindən kənarlarına doğru isə çəhrayı damarlar uzanır. “Rozanne” təkcə çiçəklərinin gözəlliyi ilə deyil, həm də payızın sonuna qədər dayanmadan çiçəkləməsi ilə seçilir. Çəmən ətirşahı hibridi olan “Orion” iri göy rəngdə çiçəklər açır. Hər iki hibrid toxum vermir. Yəqin buna görə də bu hibridlər "non-stop" rejimində çiçəkləyir.

Ətirşahın yarpaqları öz dekorativliklərini bütün yay boyu saxlayır və mövsümün axırında payız rənglərinə bürünürlər. Bir çoxunun yarpaqları, yabanı ətirşahlar da daxil olmaqla, narıncı-sarı, mis və qırmızı rənglərə boyanır. Bəzi sortlarda isə (məsələn, al-qırmızı, qonur-qırmızı) yarpaqlar rəngini dəyişmir.

ƏTİRŞAHIN NÖVLƏRİ:

1. Bağ ətirşahı “Patricia” – Tələbkar deyil və olduqca dekorativdir. Kolun hündürlüyü 80–90 sm-ə çatır. İyun ayının ikinci yarısında çiçəkləyir. Kolu yarımkürə formasında olub, ətrafa dağılmır. Təbiət stilində olan bağlar üçün daha uyğundur. Miksborderlərə həcm verir.

2. Himalay ətirşahı (Himalayense) “Plenum” – Sıx otlu çoxillik bu bitki günəşli və az kölgəli yerlər üçündür. Mayın birinci yarısında tez böyüyərək gözəl yarımkürə şəklində kolluq yaradır.  Çoxləçəkli çiçəkləri iyunun ortalarında açır, kolun hündürlüyü 30 sm olur. Minimum qulluq tələb edən dekorativ bitkidir.

3. Gürcü ətirşahı – Sıx otlu çoxillik bitkidir. Gürcü ətirşahını fərqləndirən onun çox və parlaq çiçəkləridir. Kol çox ləng inkişaf edir. Günəşli, az rütubətli yerdə əkilməsi məqsədəuyğundur.

4. Bağ ətirşahı “Springtime” – Parlaq tünd-qırmızı-bənövşəyi çiçəkləri azacıq xal-xal, açıq-yaşıl yarpaqların fonunda aprel, may aylarında açır. Kolun hündürlüyü 50–60 sm olur.

5. Hibrid ətirşah (Geranium hybr.) “Crystal Lake” – Kolun hündürlüyü 40 sm, çiçəyin diametri 3 sm-dir. Çiçəkləri lavanda-yasəməni rənginin qarışığı olub, tünd damarları var. Sərilən budaqları torpağı örtərək geniş sahədə yayılır.

6. Renarda ətirşahı (Geranium renardii) – Küləkdən mühafizə olunan, günəşli yerlərdə bitir. Bu ətirşahın yoğun kökümsov gövdəsinin qalınlığı 2 sm-ə çatır. Aprelin axırlarından birinci şaxtalara qədər inkişaf edir. İyunda çiçək açır, avqustda toxum verir. Renarda ətirşahı işıqsevərdir, yüngül, boş torpaqda yaxşı yetişir. Toxumla çoxalır. Dibçəklərdə, konteynerlərdə yetişdirmək mümkündür.

7. Balkan və ya iri kökümsov gövdəli ətirşah “Variegata” (Geranium macrorrhizum) – Bəzəkli yarpaqları, albalı rəngli çiçəkləri olan bu sort bolluca çiçək açır. Bir mövsümə lək əmələ gətirir. Yayın birinci yarısında yarpaqlar bəzəkli, ikinci yarısında tünd-qırmızı ləkəli olurlar. Quru, suyun yaxşı dövr etdiyi və əhəngli torpaqlarda daha yaxşı inkişaf edirlər. Günəş işığını sevirlər.