Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Kölgənin dostları

Otaq bitkilərinin olduğu yerə işıq az düşərsə, onlar üçün yararlı yer tapmaq çox çətin olur. Ancaq  özlərini kölgədə də yaxşı hiss edən otaq bitkiləri var. Durnabalığı quyruğu işığa olan laqeydliyi ilə seçilir. Cızıqlı bərk yarpaqları olan bu bitki hətta qaranlıq yerdə də boy atır. "Anthurium scherzerianum" da öz boyu ilə insanı sevindirir. Onun üçün günəş şüalarının birbaşa düşmədiyi şimal hissə ən əlverişli yerdir. Anturium isti və rütubətli yerdə çiçəkləyir. Hündür aspidistra  temperatur və işıqlanma fərqini, havanın aşağı rütubətliliyini, yeli yaxşı keçirir. Kölgədə monstera da yetişir, lakin bu zaman onun yarpaqlarının ölçüsü daha kiçik olur. Qışda bu bitkini daha işıqlı yerə qoymaq lazımdır. Bəzəkli yarpaqları olan epipremnum “Enjoy” bitkisinin yaşılyarpaqlı otaq bitkilərindən daha çox işığa tələbatı var.

“Gursaçlı” qıjılar

Qıjılara təbiətdə sıx meşələrin kölgəliklərində – isti və rütubət olan yerlərdə rast gəlmək olar. Onların vətəni – tropiklərdir. Ev şəraitində qıjılar özlərinə qarşı tələbkar deyillər, buna görə də bu bitkiləri nəinki təcrübəli bağbanlar, hətta bağçılıqla yeni məşğul olmağa başlayan hər kəs müvəffəqiyyətlə yetişdirə bilər. Otaqda qıjılar, əsasən, şərq, qərb və şimal tərəfə baxan pəncərələrin qırağında yaxşı yetişirlər. Havanın temperaturunun kəskin dəyişməsini sevmirlər – yaxşı olar ki, otaqda ilboyu təxminən eyni dərəcə olsun. Qıjıların içərisində ən az diqqət tələb edəni pterisdir. Onun müxtəlif növləri mövcuddur: yaşıl və ya rəngli, sığallı və ya qıvrım yarpaqlı. Çox gec boy atdığı üçün, yaxşı olar ki, böyümüş bitki alasınız. Qıjının zərif, incə yarpaqları olan adiantum adlı növünün çox cəlbedici görünüşü var.  Adiantum ilıq, yumşaq su ilə isladılmağı çox xoşlayır. Rütubətli, işıqlı vanna otağı əsl onun yeri ola bilər. Yumruyarpaq pelleya isə quru havaya və 15oC temperatura dözümlüdür. Qıjının bu növünü böyük dibçəklərdə, yaxud qış bağlarının güllüklərində yetişdirirlər. 
Qıjıların əkildiyi torpaq nəmişliyi özünə rahat çəkə bilməlidir. Lakin suyun torpaqda yığılıb qalmasına da yol vermək olmaz. Buna görə də substrat üçün ən yaxşısı qumla qarışdırılmış torfdur.