Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Spatifillumun köçürülməsi

Yaxşı qulluq etdikdə Spatifillum (bəzən onu “qadın xoşbəxtliyi” də adlandırırlar) kifayət qədər tez artır. 3–5 ildən bir bitki daha böyük dibçəyə əkilməlidir. Spatifillum çiçək açmırsa və ya torpaqdan çıxarılan zaman kökləri köhnə, qonur rəngdədirsə, demək, onun yerini dəyişdirmək lazımdır.
Əlimizlə bitkinin dib hissəsini aralasaq, aşağıdakı yarpaqların qurumasının şahidi olarıq. Bu da bitkinin yerinin dəyişdirilməsi vaxtının yetişdiyinin əlamətidir. Ancaq spatifillumun yarpaq ucları quruyursa, demək, havanın rütubətliliyi azdır. Ehtimal ki, bitki hər hansı bir qızdırıcının yanına qoyulub. Bu zaman onun yerini dəyişin və otaqda havanın rütubətliliyini artırın.
Otaq bitkilərinin yerinin dəyişdirilməsi üçün ən yaxşı vaxt yazdır. Amma bu, tropik bitkilər üçün elə də prinsipial deyil. Əsas odur ki, otaqda havanın temperaturu 20°C-dən aşağı olmasın.
Yerdəyişmə üçün dibçəkləri əvvəlcədən hazırlayın. Onları isti su ilə yaxşıca yuyun. İşləyəcəyiniz yerə müşəmbə sərin, əlcək, bağ qayçısı və çalovunuzu da yanınıza qoyun.

Torpağın hazırlanması
Spatifillum üçün yüngül torpaqlar tövsiyə edilir. Çiçəkləyən tropiklər üçün universal qarışıqdan da istifadə etmək və az miqdarda qumla qarışdırmaq olar. Əkiləcəyi substratı özünüz də hazırlaya bilərsiniz: meşə torpağı, yarpaq çürüntüsü, torf, iri qum, ağac kömürü, kərpic qırıntısı, kobud doğranmış ağac qabığı və ya kokos lifi, superfosfat – 2:1:1:1:1:1:1:1. Əlavələr substratın maksimum 10%-ni təşkil etməlidir. Bu yolla torpağın yaxşı aerasiyası və rütubət tutumu əldə edilir.

Yerdəyişməyə hazırlıq
Spatifillumu çalovla köhnə dibçəyindən torpaqla birlikdə çıxarın. Əvvəlcədən isə yumşalması və asan çıxması üçün dibçəyi bol-bol sulayın.
Böyük bitkinin kök sistemi həddindən artıq çox şaxələnir və praktik olaraq bütün dibçəyi tutur. Bu, spatifillumun məhz bol-bol çiçəklədiyi mərhələdir. Ona görə də yerdəyişmə üçün daha böyük dibçək seçmək olmaz. Kökləri dibçəyin həcminə uyğun gəlmədiyindən spatifillum çiçək açmayacaq. Odur ki, yerdəyişmə zamanı diametri 15–20 sm olan dibçək seçmək lazımdır.

  • • Əvvəlcə kökləri köhnə drenaj (keramzit) və torpaqdan təmizləmək lazımdır. Bu zaman küncləri adi paltar sıxaclarıyla bərkidilmiş müşəmbədə işləmək daha rahatdır.
  • • Bağ qayçısı ilə spatifillumun çiçəklərini kəsin ki, bitki yeni yerinə öyrəşməyə əlavə enerji sərf etməsin.
  • • Solmuş və çox yeni yarpaqlar da dərhal qayçı ilə kəsilməlidir.
  • • Köhnə yarpaqların hamısını ehtiyatla və dəqiq qoparmaq lazımdır ki, bitki çürüməyə başlamasın.
  • • Yerdəyişmə zamanı böyük bitkini artırmaq da olar. Bunun üçün spatifillumu, hərəsində möhkəm və sağlam köklər olmaqla, bir neçə hissəyə bölün.
  • • Əgər bitkinin yeri çoxdan dəyişdirilmirsə, bölünmə yolu ilə əldə edilən hissələr çox olacaq.

Bölünmüş hissələrin əkilməsi

  • • Dibçəyin dibinə 1,5–2 sm hündürlüyündə drenaj doldurun. Bu, keramzit, xırdalanmış kərpic, məsaməli daşlar və ya çınqıl ola bilər.
  • • Daha sonra dibçəyin yuxarısına qədər hazırlanmış substratı tökün.
  • • Bir çox aroidkimiləri kimi spatifillumun da hava kökləri olur. Onlar bitkinin gövdəsinin aşağı hissəsində kiçik, qara çıxıntılara bənzəyir. Ona görə spatifillumda belə çıxıntılar görsəniz qorxmayın, bu, xəstəlik deyil.
  • • Yerdəyişmə vaxtı bitkini çox da dərinə əkmək lazım deyil. Zaman keçdikcə kök sistemi inkişaf edəcək və onu torpağa tam bərkidəcək.
  • • Daha sonra spatifillumun köklərini dibçəyin ağzına kimi torpaqla örtün və əlinizlə bir az bərkidin ki, bitki yellənməsin.
  • • Yerdəyişmədən sonra bitki bol-bol sulanmalıdır ki, torpaq çöksün. Lazım gələrsə dibinə bir az da torpaq tökə bilərsiniz.
  • • Yarpaqlara pulverizator vasi-təsilə su çiləyin. Bu zaman suyun toz halında olmasına diqqət edin.

Yerdəyişmədən sonra qulluq
Spatifillumun yerini dəyişəndən sonra daha sürətli inkişaf edəcək və ona lazımi rütubət şəraiti yaratdığınız zaman yenidən çiçəkləyəcək. Yerdəyişmədən sonra ilk iki həftə ərzində bitkinin üzərinə polietilen örtük çəkin (və ya üzərinə şəffaf qab çevirin), torpağının üst qatı quruduqdan sonra sulayın və pulverizatorla yarpaqlarına tez-tez su çiləyin. Yerdəyişmədən sonra yarpaqlar solarsa, çiləməni gün ərzində bir neçə dəfə təkrar edin.