Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Bağ evinin 3D sirləri

Razılaşın ki, hətta ayrılıqda hər bir elementi maraqlı olsa belə, yastı bağ cəlbedici görünmür. Landşaftın öz gözəlliyini tam nümayiş etdirməsi üçün ona dəqiq quruluş və həcm lazımdır, bunu isə müxtəlif vertikal elementlərsiz etmək mümkün deyil. 

Bağ vertikalları canlı və cansız bağ elementlərindən yaranır və dizaynerin başlıca vəzifəsi onları öz aralarında “dostlaşdırmaqdır”. Sarmaşıqlar üçün dirək rolunu oynayan divarlara da xüsusi diqqət ayırmaq lazımdır. Külafirəngi və pavilyonlar, çəpər və hasarlar effektiv yaşıl həcm yaradır. Vertikallar yaratmaq üçün landşaft dizaynında xüsusi olaraq sütun, perqola, tağ, trelyaj (üzərinə sarmaşıq sarınan qəfəsə), qəfəs və obeliskdən (sütun şəklində daş abidə) istifadə olunur. Vertikal elementləri bitkilər də – hündür ağac və kollar (xüsusən də yığcam, sütun və ya piramidaşəkilli artım formasında olanlar), dırmaşan və sarmaşan lianalar, hündür, çoxillik və sıx otlu birillik bitkilər əmələ gətirir.

Dəqiq müəyyən edilmiş struktur olmadıqda bağda əkilmiş bitkilər, elə ərazi özü də xaos təəssüratı yaradır. Giriş, aktiv və sakit istirahət zonaları, barbekü, uşaq meydançası, təsərrüfat ərazisi – bütün bu məkanlarda bitki tərtibatına ehtiyac var. Bu zaman köməyə həm bağın strukturunu formalaşdırmağa, həm də daha önəmli yerləri vurğulamağa və aralarında sərhədləri müəyyənləşdirməyə yardım edən vertikallar gəlir. Qeyd olunan hər bir zona müstəqil, bu və ya digər dərəcədə qalan ərazidən ayrılmış həcmli məkan kompozisiyası ola bilər.

Vertikal elementlərin köməyi ilə həllini tapan məsələlər olduqca müxtəlifdir. Məkanın zonalara bölünməsi, səthin tərtibatı, baxışlardan izolə edilərək xəlvəti guşə yaradılması (hətta bir oturacağın timsalında olsa belə) bu cür məsələlərə aiddir. Əhatəli vertikal səthlər digər daha effektli bitkilər, fontanlar və ya heykəllər üçün ideal fon ola bilər. Nəhayət, yaşıl divarlar, çəpərlər, ekranlar texniki məsələləri də effektli həll etməyə qadirdirlər. Məsələn, səs-küyün səviyyəsini azaldır, yaşıl filtr kimi tozun qabağını alır. Məhz bütün bunlara görə bağın sakinlərinin psixoloji və fiziki rahatlıqları birbaşa həmin çəpərlərdən, divarlardan asılı olur.

Bitkilərin seçilməsi hər bir zonanın daşıdığı funksiyadan birbaşa asılıdır. Bağın romantik guşəsi olan külafirəngi üçün ən yaxşı variant sarmaşan qızılgül və ya dırmaşan hortenziya ola bilər. Kənd stilinə mayaotunun qızılı növünün əmələ gətirdiyi hörgü daha uyğun gələr. Müasir pavilyonu isə fallopiya və ya aristoloxiya ilə bəzəmək məqsədəuyğun sayılır. Aristoloxiya nastursiya ilə birlikdə tropik bağ atmosferi yaratmağa da kömək edir. Ümumiyyətlə, elə bitkilər var ki, onlar universal olub, hər bir zona və bağ stilinə uyğun gəlir, amma elələri də var ki, qabarıq şəkildə individuallığa malikdirlər və yalnız müəyyən landşaftlara uyğunlaşırlar. Yalnız hündür deyil, məhz qrafik cəhətdən dəqiq vertikallar lazım olan yerlərdə seçim zamanı bəyənilən bitkinin böyümə formasını da nəzərə almaq lazımdır. Bu, bir qayda olaraq, bir əsas gövdəsi olan şaxələnməyən və ya azşaxələnən bitkilər olur, məsələn, üskükotu. Bu bitkinin həm ikiillik, həm də çoxillik növləri var. İkiillik purpur üskükotu yaxşı, münbit torpaqda 150–170 sm-dək böyüyür. Digər nümunələrə mahmızçiçək və akoniti göstərmək olar. Üskükotu və mahmızçiçəkdən yaradılmış vertikallar bu çoxillik bitkilər çiçəklərini tökdükdən sonra yox olur. Yayın sonları çiçəkləyən akonit payıza kimi dözür. Çiçəkləmədən sonra kifayət qədər dekorativ olan toxumlu qutucuqlar qalır. Çoxillik bitkilər arasında daimi vertikal elementin olması üçün dekorativ otlar, məsələn, miskantus əkmək məsləhətdir. Tək, düz duran gövdələri, adətən, istifadə etmirlər. Bu cür bitkiləri müəyyən ahəngə riayət edərək başqa bitkilərlə növbələşdirmək və ya bir neçəsini qruplaşdırmaq daha yaxşıdır.

HÜNDÜR OTLAR. Su ətrafındakı iri, dik duran bitkilər – sarı bataqlıq süsəni, su qamışı, sxenoplektus, hündür gövdə üzərində zərif çəhrayımtıl-ağ çətirli, hama-şıq çiçəkli suoxu, söyüdyarpaq ağlarot – ölçülərinə görə kolla tutuşdurula bilər. Onlardan bəziləri (məsələn, süsən, sxenoplektus və qatırquyruğu) su səthi ilə dəqiq qrafik perpendikulyarlar əmələ gətirirlər. Bu bitkilər hər tərəfdən su ilə əhatələnmiş dayaz sututarlarda da yaşaya bilirlər, bu da dizaynerin fantaziyasına onların əksi ilə oyunda daha geniş imkanlar yaradır. Onu da nəzərinizə çatdıraq ki, bataqlıq süsəni və ağlarotun yabanı bitən növlərinin daha dekorativ “qardaşları” – bağ çeşidləri əmələ gəlib. Məsələn, ağlarot çəhrayı və yasəməni rənglərin müxtəlif çalarları, süsən isə təkcə növlərlə deyil, həm də hibridləri ilə təqdim olunur.

AĞAC-KÜLAFİRƏNGİ. Günəş-dən qorunaraq isti havada suyun sərinliyindən həzz alacağımız və ya tutqun havada yağışdan gizlənə biləcəyimiz hündür gövdəsi, ça-dıraoxşar çətiri olan tək ağac adi külafirəngini əvəz edə bilər. Düz gövdənin yanında (və ya ətrafında) skamya yerləşdirsəniz, bu guşəni daha komfortlu edə bilərsiniz. Sal-xım çətirli ağaclara diqqət yetirin – söyüd və “Youngii” tozağacı budaqlardan gözəl çadır əmələ gətirəcək. Ağac suya nə qədər yaxın yerləşə bilər? Nə qədər yaxın olarsa, bir o qədər ecazkar mənzərə yaranar, lakin payızda suya düşən yarpaqlar problem olacaq. Suyun səthində ağacın əks olunmuş gözəlliyini görə biləcəyiniz, eyni zamanda xəzəllərin çoxunu suya düşməkdən qurtaracaq kompromis axtarırsınız? Məsləhət: payızda gölü çirklənmədən qorumaq üçün suyun üzərinə atılan xüsusi tordan istifadə edin.

BAĞ PAVİLYONU. Kompozisiyaya bu kiçik memarlıq nümunəsinin salınması gölün planda yerini qeyd etməyə şərait yaradır və onu uzaqdan nəzərə çarpdırır. Gölün ərazisi tikilinin tutduğu sahədən yalnız böyük olduğu halda köşk bu kompozisiyada təbii görünəcək. Gölün dərinliyinin önəmi yoxdur, onun üfüqi səthinin ölçüsü əsasdır. Külafirəngini sahildə elə yerləşdirin ki, göldəki əksinə tamaşa etmək mümkün olsun, lakin suya elə də yaxın olmasın ki, istənilən havada ora getmək rahat olsun. Gözəl tikilini sıx sarmaşıqlarla gizlətməyə ehtiyac yoxdur, lakin istədikdə onları asanlıqla bu kompozisiyaya daxil etmək mümkündür. Külafirəngiyə girişi vurğulamaq üçün forma və ya rənginə görə seçilən koldan istifadə edin. Bu həm effektli arxitektonikası olan iri, sıx otlu bitki (liqulariya, rocersiya və ya arunkus), həm də kol (hortenziya, spiraea, veyqela) ola bilər.

PERQOLA VƏ TAVLAR stil cəhətdən tamamilə neytral, nəzərə-çarpan müasir və ya xüsusi milli koloritdə ola bilər. Məsələn, günəşli İtaliya haqqında fikirlər oyadan cənub variantında üzüm tənəyi, sarmaşan qızılgüllər və topiar formalardan istifadə şərtdir. Xüsusi kəsimli kürə və ya konusları şümşad əvəzinə liqustrumdan da əldə edə bilərsiniz. Bitkinin tam inkişafını təmin etmək üçün bu cür kompozisiyalar yalnız gün işığı düşən yerlərdə əkilməlidir. Perqola və talvar, bir hissəsi suyun üzərində, sahil xəttinə həm paralel, həm də perpendikulyar yerləşdirilə bilər. Tikilinin su səthinin yarısına kimi çatdığı variant da maraqlıdır, bu zaman sanki sahildən uzaqda, suyun üzərində təəssüratı yaranır. Sahildən dəqiq-liklə görə bilmədiyiniz hər bir detal buradan daha aydın görünür, yosunlar arasında gizlənqaç oynayan balıqlara və ya gözəl suzanbağına tamaşa edə bilərsiniz.