Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Quşlara isti yuva

Əvvəllər quş yuvalarının hazırlanması adi hal idi. Uşaqlar valideynləri ilə birlikdə ən azı bir quş evi düzəldib onu meşə və ya bağda asardılar. İndi bu ənənə, xüsusilə də şəhərdə elə də aktual deyil. Lakin bəzi quş evləri quşları sevindirməklə yanaşı, həm də göz oxşayır. Uşağınızla asanlıqla hazırlaya biləcəyiniz quş yuvası təqdim edirik. Dizayn bir qədər fərqli də ola bilər.

Quş yuvası hazırlamaq üçün bizə 18 mm qalınlığı olan, 800x300 mm ölçüsündə taxta lazımdır. Adətən quş yuvaları daha kobud, üzəri qabarıq olan materiallardan hazırlanır. Amma üzərində bəzək işləri aparmaq üçün ən optimal variant budur.

Alətlər:
• Lobzik (naxış kəsmək üçün nazik mişar);
• 4 mm başlığı olan elektro-burğu;
• Ulduzformalı vintburan;
• Yivaçan vint (3,5x41 mm) – 18 ədəd;
• Xəttkeş, karandaş, boya;
• Orta dənəvərliyi olan sumbata kağızı.
 

1. Materiallardan qənaətlə istifadə etmək lazımdır. Xüsusən, söhbət ağacdan gedirsə. Ona görə də alınan taxta üzərindəki çertyojlar düzgün çəkilməlidir.

2. Nişanlamanı bitirib, elektrolobziklə taxtanı kəsirik. Taxtalar sumbata kağızıyla yaxşıca emal edilir ki, əyri-üyrülüklər aradan qalxsın.

 

3. Quşların ayaqları sürüşməsin deyə, taxtaya iç tərəfdən xırda dəliklər açın. 

4. Bütün tərəfləri səliqəli şəkildə qarşı-qarşıya qoyub, bir-birinə bərkitmək üçün uyğun dəliklər açırıq. Sonra isə yivaçan vintlə taxtaları bərkidirik. 

5. Yuvanın döşəməsini də yivaçan vintlə əsas gövdəyə bərkidirik.

6. Perpendikulyar formada bir-birinə yapışdırılan dam eyni üsulla - deşiklər açılıb, yivaçan vintlə əsas gövdəyə bərkidilir. 

7. Sonda əvvəlcədən hazırlanan miniatür pilləkən və hasarlar yapışqanla yuvanın qabaq hissəsinə yapışdırılır.

Quş yuvalarını ən azı 3-4 m hündürlükdə, vertikal şəkildə asmaq məsləhətdir. Yuvanın ön hisəsi şimala və ya cənuba baxmalıdır. İldə 1 dəfə yuvanı təmizləsəniz, quşlar sizə minnətdar olar...