Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Depressiyanı uzağa qovun!

Payızda, xüsusilə də qışın gəlişi yaxınlaşdıqca insanı tənbəllik bürüyür, zəngli saatın səsinə oyanıb işə getmək, nə iləsə məşğul olmaq istəmirsən... Elə hiss yaranır ki, enerjin artıq tükənib. Bütün bunlar sənə tanışdırsa, onda başlayaq! 

Bir ingilis məsəlində deyilir: “İnsanın həyatındakı hadisələr birbaşa onun əhvalından asılıdır”. Əgər əhval yoxdursa, çətin ki, işlərinizdə uğur qazanasınız. Buna görə də mövsümi depressiyanın ilkin əlamətlərini qaçırmayın! Ruh düşkünlüyünün əsas əlamətləri: səbəbsiz kədər, məyusluq, süstlük, əsəbilik, yorğunluq, iş qabiliyyətinin aşağı enməsi, yuxuculluq... Həmçinin soyuducu sindromu – daimi aclıq hissinin olması bədən quruluşuna birbaşa təsir edir. Düzdür, sıxıntıdan ancaq kökəlməyə meyilli olan, pis hadisələri buterbrod edib “yeyən” və əhvalını şirniyyatla qaldıran insanlar kökəlir. Ruh düşkünlüyü qurbanları olan arıq insanlarda isə əksinə, iştaha ümumiyyətlə itə bilər. 

Mövsümi depressiyanın başlamasına siqnal çox vaxt boyun, bel, qarın, döş qəfəsində, əl və ayaqlarda yaranan ağrı, əksər hallarda isə başağrısı olur. Belə ki, daxili narahatlıq asanlıqla fiziki ağrıya keçə bilər. Əsəblərinizi qaydaya salmasanız, ciddi və uzunmüddətli xəstəlik tapmaq olar! Ruh düşkünlüyü daxili orqanların işini ləngidir və immuniteti zəiflədir. Bu zaman təəccüblənməyin ki, niyə bütün viruslar gəlib sizi tapır. İlin soyuq fəslində mövsümi depressiyadan bu və ya digər dərəcədə 40% insan (qadınlar kişilərdən 4 dəfə çox) əziyyət çəkir. 

Evdə oturmayın. Hava soyuq olanda və yağış yağanda heç çölə çıxmaq istəmirsən. Biz əsasən işə, mağazaya gedirik və bir müddət sonra bu yeknəsəqlikdən ürəyimiz sıxılmağa başlayır. Nəzərə alın ki, payız və qış aylarında yeni təəssüratlara ehtiyac daha çox olur. Mövsümi ruh düşkünlüyünə meyilliliyin səbəbini alimlər ilin bu vaxtlarında beynin xarici mühitdən informasiya qəbul edən hissələrinin həddən artıq fəallaşması ilə izah edirlər. Qərar qəbuletmə və hərəkətlərə cavabdeh olan zonalar isə əksinə, ləng işləyir. Bu cür bərabərsizliyə görə normal “qavrama – fəaliyyət” dövrəsi pozulur. Çıxış yolu tapmayan emosiyalar psixikaya təzyiq göstərməyə başlayır və nəticədə depressiyaya gətirib çıxarır. Bəs nə etmək lazımdır? Kinoteatra və ya teatra gedin, qonaq qəbul edin, sərgilərdə iştirak edin – bir sözlə, evdə oturub darıxmaqdan başqa hər şey edin!
Təbiətdən zövq alın. Qırmızı və qızılı rəngə bürünmüş park və meşələr göz oxşayır. Payızda tökülmüş yarpaqların isti palitrası güclü antidepressiv effektə malikdir. Yarpaqlar tamamilə töküldükdən sonra isə iynəyarpaqlı ağacların yaşıllığına, səmanın maviliyinə, çılpaq budaqların cizgilərinə tamaşa edin. Tutqun havada isə sərgilərə gedib, yay mənzərələrini seyr edə bilərsiniz. 
 

Düzgün geyinin. Qırmızı-narıncı çalarlar gümrahlıq və optimizm bəxş edəcək. Əsəbi və gərginsiniz? Mavi və ya yaşıl rəngli paltarlar geyinin – bu rənglər insanı sakitliyə və rahatlığa qərq edir. Müştərilər, tərəfdaşlar, iş yoldaşlarınızla ünsiyyətdən yorulursunuz? Bej və açıq-qəhvəyi rənglərə üstünlük verin – onlar səmimilik saçır. Bütün qarderobunuzu yeniləməyə ehtiyac yoxdur, lazım olan rəngdə hər hansı aksesuar (şərf, yaylıq, əlcək və ya çanta) almaq da kifayətdir.

Tezdən qalxın. Gün nə qədər qısa olarsa, ruhdan düşmək ehtimalı daha da yüksəlir. Günəş şüalarının təsiri nəticəsində orqanizm emosional tonusu yüksəldən melatonin hormonu ifraz edir. Günəş buludlar arxasında gizlənib? Otaqda gur işıq yandırın – bu da tutqun havada məyus olmamağa kömək edəcək.
Yeni günə aktiv başlayın. Səhər tezdən gümrah olmaq üçün idman edin və sırğalıqları yaxşıca masaj etməyi unutmayın. Daha sonra təzadlı (gah soyuq, gah da isti) duş qəbul edin, masaj xalçasında duraraq (üzərinə bir neçə damcı efir yağı tökmək olar) yuyunun. Həyat tonusunu qaldıran təsir pəncələrdən bütün orqanizmə yayılacaq. 

Həyatı şirinləşdirin. Dadlı şirniyyatlara müraciət edin. Məsələn, zefir, 2-3 dilim qara şokolad, 2-3 ədəd qozla bal, banan və ya manqo. Karbohidratla zəngin qida sevinc hormonu olan endorfinin ifrazını stimullaşdırır, bununla da əhval yüksəlir. Əsas odur ki, həddi aşmayasınız. Cəmi 50-100 q karbohidratlı qida gümrah olmaq üçün kifayətdir. Bundan başqa, heç olmasa bir müddət kalorini unudun: ciddi pəhriz və acqalma depressiyanı artırır, çünki pis əhvala qarşı mübarizə aparmaq üçün lazım olan qlükoza, vitamin və digər maddələrin beynin hüceyrələrinə çatmasını kəskin surətdə məhdudlaşdırır.

Dəniz məhsullarına "hücum" edin. Onların tərkibində depressiya ilə mübarizə aparmağa yardım edən yod var. Yodun digər mənbələri – feyxoa, gül kələm və xüsusilə də dəniz kələmidir.


Fitneslə məşğul olun. İdmanla məşğul olmaq payızda, qışda, ümumiyyətlə, ilin bütün fəsillərində yaşından asılı olmayaraq bütün insanlar üçün ən yaxşı antidepressant hesab edilir. İnsanın psixiki vəziyyətinə səhər qaçışı, dartılma, oturub-durma, hantel və iplə məşğələlər müsbət təsir göstərir. Elmi cəhətdən sübut olunub ki, idmanla məşğul olduqda orqanizm serotonin hormonu ifraz etməyə başlayır. İdman zalı gün ərzində yığılan bütün neqativ enerjini yox edəcək. Məşqçilər depressiya zamanı idmanla orta intensivlikdə məşğul olmağı töv-siyə edirlər. Məşq həftədə 5-7 dəfə olmaqla 30-40 dəqiqədən az davam etməməlidir. Tez-tez və qısamüddətli idman, gec, amma uzun müddət məşğul olmaqdan daha yaxşıdır. Fiziki aktivlik əzələlərin gərginliyini azaldır. Beləliklə, fitneslə aktiv məşğul olduqdan sonra dərin yuxu və yaxşı əhval-ruhiyyə geri qayıdır. Aktiv insanlar ləng həyat tərzi sürənlərlə müqayisədə stresli vəziyyətin öh-dəsindən daha yaxşı gəlirlər.