KƏLBƏCƏR LAYİHƏSİ - YENİLƏNİR

KƏLBƏCƏR LAYİHƏSİ - YENİLƏNİR

Kəlbəcər – birinci mərhələ başa çatmaq üzrədir

 

31 il əvvəl dədə-baba yurdlarından didərgin düşmüş sakinlərin geri dönməsi üçün zəruri şərait yaradılır.

 

Layihə üzrə 19,5 hektar ərazidə aparılan yenidənqurma işləri Kəlbəcərin baş planı əsasında həyata keçirilir. İsveçrəli memarların hazırladığıbaş planın layihəsi 2 mərhələdən ibarətdir. Birinci mərhələdə 201 mənzil, ikinci mərhələdə 323 mənzil təhvil veriləcək. Bu isə ümumilikdə 524 ailənin mənzillə təmin olunması deməkdir.

 

Xatırladaq ki, Kəlbəcərdə aparılan böyük tikintiyə 2023-cü il iyulun 1-də start verilib. Layihənin birinci mərhələsi 6 ədəd 4 mərtəbəli 3 bloklu çoxmənzilli yaşayış binasının, 39 ədəd “Townhouse” tipli iki mərtəbəli 3 otaqlı evin inşasını nəzərdə tuturdu.

 

Plan üzrə, ikinci mərhələdə 16 ədəd 4 mərtəbəli çoxmənzilli yaşayış binası, 57 ədəd “Townhouse” tipli iki mərtəbəli 3 otaqlı ev tikilib təhvil veriləcək. Dörd mərtəbəli binalarda avtoparklar var, həmçinin alman istehsalı olan liftlər də quraşdırılıb.

 

Yaşayış məhəlləsinin birinci mərhələsi artıq başa çatmaq üzrədir. İkinci mərhələnin dəmir-beton işləri aparılır.

 

Kəlbəcər layihəsi Laçın layihəsindən tamamilə fərqlidir. Burada heç bir təmir-bərpa işləri görülmür. Məlum olduğu kimi, 30 illik işğaldan sonra ərazini tərk edən düşmənlər gedərkən evləri dağıdıb yandırmışdılar. Bizim inşaatçılar bütün köhnə tikililərin qalıqlarını söküb sıfırdan yeni bir şəhər salıblar. Layihə icraatının ilk vaxtlarında burada 600-800 nəfərlik bir heyət işləyib. Günü bu gün tikintiyə o qədər adam cəlb olunmayıb, çünki indi iş elə bir səviyyədədir ki, böyük işçi qüvvəsinə ehtiyac yoxdur.

 

Bakı Abadlıq Xidmətinin digər layihələrində olduğu kimi, burada da istifadə olunan xammal və inşaat materialları Avropa standartlarına uyğundur. Almaniyada istehsal olunan pəncərə sistemlərinin davamlılığına təbii ki tam təminat var. Ümumiyyətlə, Kəlbəcər layihəsi memarlıq baxımından fərqli tikililərdən ibarətdir. Amerika tərzində hazırlanan ikimərtəbəli yaşayış binaları Azərbaycanda ilk dəfədir inşa olunur. Bu üzdən bütün proses isveçrəli memarların Azərbaycandakı partnyoru olan SA-PARTNERS şirkətinin nəzarəti altında həyata keçirilir, vaxtaşırı gəlib baxır, görülən işləri qiymətləndirirlər. 

 

Qarşıdan gələn soyuq qış aylarında da Kəbəcərdəki tikinti prosesi davam etdiriləcək. Yaşayış evlərilə yanaşı şəhərdə həm də yollar çəkilir, məktəb binası tikilir. Yəni insanların məskunlaşması üçün lazım olan infrastruktur qurulur. Kəlbəcər böyük bir tikinti meydanını xatırladır. Bir müddət sonra isə torpağın əsl sahibləri doğma yurdlarına qayıdacaqlar. O zaman hər evin çırağı yanacaq, Şuşada, Laçında, Xocalıda olduğu kimi.