Bakının ilk neft quyularının qazıldığı, tarixi abidələrlə zəngin Balaxanı qəsəbəsi yeni siması ilə diqqətləri cəlb edir. Balaxanıda aparılan abadlaşma işləri, bütün infrastruktur layihələri, kanalizasiya və elektrik xətlərinin, binaların, onların dam örtüklərinin, yolların, küçələrin təmiri insanların burada rahat, daha yaxşı yaşamasına, işlə təmin olunmasına, ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir. 
Balaxanıda aparılan abadlıq işləri qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Bu da 16 min əhalinin yaşadığı təxminən 10 kvadratkilometr ərazi deməkdir.
Qəsəbədə görülən işlər nəticəsində mərkəzi kanalizasiya sistemi və fərdi evlərə çəkilən xətlər (35 min poqonmetr) təzələnib, mərkəzi elektrik xətti yenilənib və fərdi evlər ona qoşulub (31 min poqonmetr), 60 min poqonmetr uzunluğunda yeni rabitə xətləri çəkilib. Bu kommunikasiya xətlərinin əksəriyyəti yerin altına salınıb.
Balaxanıda görülən abadlıq işləri qəsəbənin Dirçəliş, Səfəvilər, Yanardağ, Səməd Mənsur, C.Cahangirov, M.Ə.Sabir, Rahib Qədimov küçələrini əhatə edib, yollara daş döşənib və işıqlandırma xətləri çəkilib. Bununla yanaşı küçələrdə qəzalı divarlar sökülüb bərpa edilərək suvanıb və boyanıb. 
Qəsəbənin küçələrinə 70 min kvadratmetr yeni asfalt örtüyü salınıb, binaların fasadları bərpa edilib (50 min kvadratmetr), dam örtükləri yenilənib (42 min kvadratmetr). Tarixi küçələrə 15 min kvadratmetr daş örtüyü döşənib. Qəsəbədə 100 mindən artıq ağac və bitki (o cümlədən nar, zeytun, Eldar şamı və üzüm) əkilib. Həmçinin sakinlərin işlə təmin olunması çərçivəsində 120 min Lavanda və Rozmarin bitkisi və 15 min gül kolunun əkilməsi həyata keçirilib.
Əhalinin məşğulluğunun təmin edilməsi üçün 1000 nəfər görülən işlərə cəlb olunub ki, onlardan da 700-ü, yəni, 70 faizi yerli sakinlərdir. Eyni zamanda, qəsəbədə fəaliyyət göstərən ictimai iaşə obyektləri, kafelər, çayxanalar, papaqçılıq, rəssamlıq, xalçalılıq emalatxanaları da yerli sakinlərin işlə təminatında böyük rol oynayır.
XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub. Bu səbəbdən Balaxanı tarixi memarlıq abidələri ilə zəngindir. Abadlıq işləri çərçivəsində həmin abidələrin bərpası zamanı onların tarixi görünüşü və memarlıq ənənələri xüsusilə qorunub saxlanılıb.
Buradakı Mirzə Ələkbər Sabir adına park da bərpa olunub. Balaxanıdakı Şah Səfi karvansarayı (1635-1636-cı illər, əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb), Hacı Şəhla Məscidi (XIV əsr), Şakir ağa türbəsi, “Qum hamamı” da (XIV əsr), 40 pillə Ovdan (XIV əsr) bərpa olunub. 40 pillə Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə bu ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib. 
Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib. Balaxanın “Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam qəsəbənin qədim tikililələrindən hesab olunur.
Aparılan abadlıq işləri nəticəsində Balaxanı artıq yeni turizm marşrutu kimi təsdiqlənib. Bu, qəsəbədə yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək.

 

VİDEO

VİDEO

VIDEO