Yaxşı qulluq etdikdə Spatifillum (bəzən onu “qadın xoşbəxtliyi” də adlandırırlar) kifayət qədər tez artır. 3–5 ildən bir bitki daha böyük dibçəyə əkilməlidir. Spatifillum çiçək açmırsa və ya torpaqdan çıxarılan zaman kökləri köhnə, qonur rəngdədirsə, demək, onun yerini dəyişdirmək lazımdır.
Əlimizlə bitkinin dib hissəsini aralasaq, aşağıdakı yarpaqların qurumasının şahidi olarıq. Bu da bitkinin yerinin dəyişdirilməsi vaxtının yetişdiyinin əlamətidir. Ancaq spatifillumun yarpaq ucları quruyursa, demək, havanın rütubətliliyi azdır. Ehtimal ki, bitki hər hansı bir qızdırıcının yanına qoyulub. Bu zaman onun yerini dəyişin və otaqda havanın rütubətliliyini artırın.
Otaq bitkilərinin yerinin dəyişdirilməsi üçün ən yaxşı vaxt yazdır. Amma bu, tropik bitkilər üçün elə də prinsipial deyil. Əsas odur ki, otaqda havanın temperaturu 20°C-dən aşağı olmasın.
Yerdəyişmə üçün dibçəkləri əvvəlcədən hazırlayın. Onları isti su ilə yaxşıca yuyun. İşləyəcəyiniz yerə müşəmbə sərin, əlcək, bağ qayçısı və çalovunuzu da yanınıza qoyun.
Torpağın hazırlanması
Spatifillum üçün yüngül torpaqlar tövsiyə edilir. Çiçəkləyən tropiklər üçün universal qarışıqdan da istifadə etmək və az miqdarda qumla qarışdırmaq olar. Əkiləcəyi substratı özünüz də hazırlaya bilərsiniz: meşə torpağı, yarpaq çürüntüsü, torf, iri qum, ağac kömürü, kərpic qırıntısı, kobud doğranmış ağac qabığı və ya kokos lifi, superfosfat – 2:1:1:1:1:1:1:1. Əlavələr substratın maksimum 10%-ni təşkil etməlidir. Bu yolla torpağın yaxşı aerasiyası və rütubət tutumu əldə edilir.