Bakının sıx bitki örtüyü olan, yamyaşıl parklarından biri İzmir vaxtilə xalq arasında “Pojarnıy” adı ilə tanınırdı. Fərziyyəyə görə, Bakı ilə İzmir qardaşlaşmış şəhər olduqdan sonra bu parka İzmir adı verildi. Bir neçə on illiklər əvvəl paytaxt rəhbərləri bu parkın yenidən qurulmasına başladılar. Dolanbac xiyabanlar, gözəl fənərlər, böyük skamyalar düzəldildi. Bərpaçıların peşəkar işi nəticəsində “Pojarnıy” bağının demək olar ki, bütün bitkilərini saxlamaq mümkün oldu. Hazırda "İzmir" parkının kölgəli xiyabanlarının dərinliyində eyniadlı restoran fəaliyyət göstərir. İzmir parkı bərpadan sonra tamamilə yeniləndi, daha geniş oldu, çoxsaylı skamyalar qoyuldu. Parkın mərkəzində göz oxşayan fəvvarə var. Ərazisinin kiçik olmasına baxmayaraq bu park bitki örtüyü ilə zəngindir. Çoxlu güllər, yaşıllıqlar və müxtəlif ağaclar sayəsində parkın havası təmizdir. Bu səbəbdən də İzmir parkında uşaq arabası ilə dolaşan cavan analara, dayələrə çox rast gəlinir. Ətrafda hotel olduğundan bu parka dincəlməyə yerli sakinlərlə yanaşı turistlər, xaricilər də gəlir. İzmir parkının çox maraqlı landşaft dizaynı var. Zeytun və bir çox iynəyarpaqlı ağaclar isə yenidənqurmadan da əvvəl parkın ərazisində bitən bitkilərdəndir. Bağban danışır ki, əvvəllər bura yanğından mühafizə xidmətinin bağçası olub, meyvə ağacları ilə bol idi – ərik, alma, heyva, tut... Meyvə ağaclarından bəziləri hələ də qalıb.
Yay mövsümündə parkda görülən əsas işlər suvarılma, qazonun biçilməsi, qızılgüllərin və bəzi bitkilərin dərmanlanmasıdır. Hər gün səhər tezdən park süpürülür, daha sonra skamyalar silinir, ot biçilir, avtomatik suvarma sistemi işə salınır.
2009-cu ilin may ayında paytaxtın Yasamal rayonundakı bu istirahət guşəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Sakinlərin istirahəti üçün yararsız vəziyyətdə olan park abadlaşdırılıb. Fevralda başlanılmış yenidənqurma işləri qısa vaxtda yüksək keyfiyyətlə başa çatdırılıb. İndi İzmir parkı paytaxtımızın bu hissəsinə xüsusi yaraşıq verir. Bir hektara yaxın ərazini əhatə edən parkda hündürlüyü 8 metr, diametri 14 metr, çəkisi 10 ton olan qranit daşdan və çuqundan hazırlanmış yeni müasir fəvvarə quraşdırılıb. Beş iş rejimi olan fəvvarə 300 lampa ilə işıqlandırılıb. Parkın ərazisinə Hindistanda istehsal olunmuş təbii daşlar və piltələr döşənib. Ərazidə Belçika və İtaliyadan gətirilmiş müxtəlif ağaclar və gül kolları, o cümlədən taksus, banzay və sərv ağacları, qızılgüllər, azaliyalar və digər dekorativ bitkilər əkilib, yaşıllıq salınıb. Axşam saatlarında bu ağaclar işıqlandırılır. Yaşıllaşdırılmış ərazidə avtomatik suvarma sistemi quraşdırılıb. Parkın xarici divarları Abşeron daşından, istinad divarları isə xaricdən gətirilən travertin və mərmərdən inşa olunub. Ərazidə yeni yollar və cığırlar salınmış, daş heykəlciklər qoyulub. Müasir tələblər səviyyəsində qurulan parkın işıqlandırma sistemi Almaniya istehsalı olan yüksək keyfiyyətli avadanlıqdan yığılıb. Burada 85 orijinal çıraq quraşdırılıb, 85 rahat oturacaq qoyulub.
Parkın sahəsi:
7 970 m²
Qazon sahəsi:
4 320 m²
Ağacların sayı:
221
Kolluqların sayı:
2 244
Fəvvarələrin sayı:
1
Skamyaların sayı:
83
Zibil qablarının sayı:
30
İşıq dirəklərinin sayı:
36