Əmiraslanov qardaşlarının əzəmətli üçmərtəbəli yaşayış evi 1899-cu ildə mülki mühəndis İ. V. Qoslavski tərəfindən inşa edilmişdir. Şəhərin tarixi məhəllələrinin quruluşunda fəal memarlıq elementlərindən biridir. Binanın memarlıq kompozisiyası order sisteminin iri klassik formalarında Bakı evinin ən yaxşı ənənələrini təcəssüm etdirir. Fasad künc pilyastrları və pəncərə yerlərinin sakit ahəngi ilə verilmişdir. Burada, mənalı tektonik sistemi təşkil edən, ikimərtəbəli Korinf pilyastrlarının irəli çıxıntıları birinci mərtəbənin profillənmiş yonulmamış daşına pyedestal kimi söykənərkən, daş memarlığın konstruktiv üsulları qabarıq şəkildə yonulmuş formalarla uğurla uzlaşır. Bu evdə, daşda ustalıqla yerinə yetirilmiş hər bir hissə, hər bir detal, xalq ustalarının, həmçinin bu əsərin yaradıcısı – memarın istedadının zənginliyini, qüdrətini meydana çıxarır. Yaşayış evinin üzlük materialı da böyük əhəmiyyət kəsb edir. Bu binanın suvaqda eyni bədii effekt verməsini təsəvvür etmək çətindir. Yaşayış evinin arxitekturası – Qoslavskinin yaradıcılığında böyük uğurdur, bina irsin bir hissəsi və Azərbaycanda kapitalizm dövrünün memarlıq abidəsidir.
Fasadın sahəsi:
1 548 m²
Eyvanların sayı:
12
Damın sahəsi:
972 m²
Restavrasiya olunmuş qədim qapıların sayı:
1