Balaxanıda qeyri-adi toy
Kənddəki qədim karvansarayda Vaqif Əsədovun mahnısına klip çəkilib.
Musiqisi və sözləri Vaqif Əsədova aid olan “Gəldi qaqaş” mahnısının ekran variantını hazırlamaq ideyası bir il əvvəl yaranıb. O zaman xalq artisti Eyyub Yaqubov təklif edib ki, Bakı və bakılılar haqqında nostalji hissləri tərənnüm edən bir klip çəkilsin. Həftəsonu Balaxanıda həmin klipin ən çətin kütləvi səhnəsi lentə alınıb.
Klipin rejissoru və ssenari müəllifi Faiq Kərimoğlu Abadlıq.az saytının müxbirinə dedi ki, ssenari mahnının sözlərinə uyğun olaraq yazılıb. Yaradıcı heyət çalışıb ki, səsləndirilən bütün fikirlərin vizual həlli ekranda görünsün. Respublikanın əməkdar artisti Anar Heybətovun canlandırdığı qəhrəmana zəng gəlir, onu bir görüşə dəvət edirlər. Sonra Anarın getdiyi yol ekranda canlanır – yol boyu gördükləri – yeni həyat, yeni küçələr, yeni insanlar və görə bilmədikləri – hafizəsində qalan xatirələr, köhnə insanlar, köhnə məhəllələr. Klipin qəhrəmanı bu iki fərqli aləm – gerçək və xatirələr arasındadır.
Balaxanıda çəkilən səhnə isə toy səhnəsidir. Bakının tanınmış personaları, məşhur şəhər adamları, milli mədəniyyətin unudulmayan ştrixləri, aerodrom papaq, təsbeh, əli qamçılı sərpayı, 6/8 ritmində sümüyə düşən musiqi, rəqslər, alqış, gülüş, qəhqəhə. Vaxtilə Bakı kəndlərinin hər tinində çalınan ənənəvi kişi toyu. Faiq Kərimoğlunun dediyinə görə, bu kütləvi səhnədə 70-dən çox iştirakçı olub. Çəkilişlər real toy rejiminə yaxın bir şəraitdə lentə alınıb.
“Gəldi qaqaş” — müəllif mahnısı olsa da əslində şəhər folkloru üslubundadır, ritmik və yaddaqalandır.
Klipin çəkilişi artıq tamamlanmaq üzrədir. 6 dəqiqəlik mini film mahnının xronometrajından böyük olacaq. Səbəb? Rejissor bu ekran işinə şəhər xronikasını əlavə edəcəyini söylədi. Mahnını dinləyənlər həm də 70-80-ci illər Bakısına bir növ səyahət edəcəklər.
Payızın ilk günlərində klipin prezentasiyası da keçiriləcək. Bu haqda əlavə məlumat verəcəyik.