Laçın şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli dövlət tədbiri keçirilib
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, iştirak ediblər.
Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirildirilib.
Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “Lacinema” kino mərkəzinə qədər bayraq yürüşü keçirilib.
Konsert proqramı “Lacinema” kino mərkəzində bədii hissə ilə davam edib. Şanlı zəfərimizin ildönümünə həsr olunmuş bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahan, Beynəlxalq Muğam Mərkəzinin solistləri, Cahangir Cahangirov adına xor kollektivi, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova, istedadlı pianoçu və gənc ifaçılar, populyar müğənnilər, laçınlı xanəndələr, aşıqlar iştirak edib. 2 saylı Laçın tam orta məktəbinin şagirdləri də milli rəqsləri, qiraətləri ilə proqrama qatılıblar.
Təqdimatdan sonra Azərbaycanın Milli qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib.
Zəfər günü şərəfinə böyük atəşfəşanlığı şəhər sakinləri “Seyrəngah”da təşkil edilmiş şənlikdə birgə seyr ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.