“Laçında baxımsız yer qalmasın”
Bu bazar Laçın şəhərində sakinlər səhər tezdən iməciliyə toplaşdılar. Gözəl şəhəri təmiz saxlamaq, bazar səhərini təmiz havada, iş başında keçirmək, birlikdə görülə biləcək işləri müzakirə etmək üçün.
Təşəbbüs sakinlərdən gəlib. “Laçın Abadlıq Xidməti” təklifi dərhal dəstəkləyərək, istirahət günü işçi heyəti ilə iməciliyə dəstək olub. Şəhərin ağsaqqalları, hörmətli ziyalıları cavanları həvəsləndirmək üçün aksiyaya qoşulublar.
İdeyanı qruplarda paylaşan laçınlı xanım İradə Poladın dediyinə görə, iməcilik səhər-səhər şəhərdə böyük canlanma yaradıb, xəbər hər kəsə çatıb. Laçınlılar iməciliyin davamlı olmasını, getdikcə çevrənin genişlənməsini istəyirlər, “şəhərdə baxımsız yer qalmasın, iməciliyə kəndlər də qoşulsun” deyirlər.
“Laçın Abadlıq Xidməti” isə növbəti iməciliklərin sistemli, planlı təşkilinə kömək edəcəyinə söz verib, gözəl niyyətlə qol çırmayıb işləmək istəyənləri vacib ləvazimatlarla təmin etməyə həmişə hazır olduğunu bildirib.