Papaq var, insanın taleyini dəyişər…
“Günlərin birində qonşumuz gəldi dayandı papaqların qarşısında, bir az fikirləşib ən yaxşısını seçdi. Soruşdum, xeyirdirmi? Dedi, sabah çayxanaya işə düzəlirəm, bir zər yaxalı köynək də tikdirmişəm, amma əsas papaqdır!.. Üstündən cəmi bir neçə gün keçdi, qonşum bu dəfə şad xəbər gətirdi – vid-fasonuyla dərhal diqqət çəkib işində xeyli irəli getmişdi. Bəs nə? Əsas təqdimatdır! Başıpapaqlı kişiyə bizlərdə həmişə etibar olub”….
Balaxanıdakı təmirdən sonra “Papaqçı” dükanına köçmüş sabunçulu Usta Salehin neçə belə ibrətamiz hekayəsi var. Oğlu Rəhimlə bərabər tarixi 1964-cü ildən hesablanan ata-baba sənətini yaşadırlar. Hələ təzəgəlin də onlara qoşulub, cavanlar əl-ələ verib papaqçıların köhnə ənənəsini müasir tələblərlə uzlaşdırmağa çalışırlar. İndi sanballı buxara, “qaragül”, “vosmiqrannik” (səkkizli) lotu papaqlarıyla, “aerodromlarla” yanaşı, vitrində məşhur serial qəhrəmanlarının “xuliqanka”ları, beretləri, şlyapaları da var.
“Bakı Abadlıq Xidməti” bizə bu dükanı da, avadanlığın ən yaxşısını da əmanət verib. Əmanətə xəyanət olmaz. Bacardığımız qədər bu işi ayaqda saxlamağa çalışırıq. Turistlər də gələnədə burulub dükanımıza keçirlər, bəziləri papağı suvenir kimi alıb aparır. Heyif ki, indi gürcü papaqları, “çeçenkalar” cavanlar arasında daha dəbdədir. O da papaqdı, nə deyim, amma bizim papaqların yerini verməz”, - deyir Usta Saleh. Onun sözlərinə görə, yaxşı papağın sahibini tanıtmaqdan başqa, həm də cana faydası var. Məsələn, ən bahalı dəridən hazırlanan “qaragül”ün təbii kondisioner olduğunu, başı yayda istidən, qışda soyuqdan qoruduğunu bilirdinizmi? “Aerodromlar” Azərbaycana İtalyadan gəlsə də, təsbehlə qoşalaşıb Bakı kəndlərinin simasına təzə imic gətirdi.
Papaqçılıqda hərənin öz imzası var. Ustanın məharəti sapından, tikişindən bəllidir – yağışda əyilməyəcək, asılqanda formasını itirməyəcək. Atasının yolunu gedən Rəhim masanın üstündə müştərilərin xaricdən alıb sonra elə mağazada qoyduqları papaqları göstərir: “bizdən alış-veriş edib, bir ətək pul xərclədikləri lazımsız malı buradaca atıb gedirlər.”
Saleh Ustanın hazırda oğlundan başqa tələbəsi yoxdur, halbuki sənətin gələcəyinə inanır. “Tanışlardan kimsə övladını kafelərə 5-10 manat gündəlik qazanc dalınca göndərəndə, deyirəm: “a kişi, gətir o uşağı bura, nə bilirəmsə, öyrədim, gələcəkdə əlində peşəsi olsun… Su gələn arxa bir də dönüb gələr…”
Yaxınlarda “Bakı Abadlıq Xidməti” kəndləri abadlaşdırarkən açdığı kiçik müəssisələrdəki məhsulların tanıtımı yolunda növbəti addımlar atmağa hazırlaşır. Turizmin inkişafı, keyfiyyətli əl işlərinə marağın artması tez-tez təşkil edilən müxtəlif yarmarkalarda, sərgilərdə sənətkarlığın inkişafı üçün zəmin yaradır. Şübhəsiz ki, istənilən məkanın təqdimatı üçün milli ənənələr açardır. Ənənə - mədəniyyətin libasıdırsa, demək ki, “Papaqçı” həmin libasın əsas elementi sayılmalıdır.