PORTFOLİO
Layihələr
Xocalı layihəsi
Qarabağın işğalı ərəfəsində erməni caniləri tərəfindən törədilmiş cinayətin – Xocalı soyqırımının yaddaşlarda hələ də dərin izləri var. Bu mənada Xocalıya qayıdış - zülmə qarşı dirənişin bariz nümunəsidir. Bu gün əhalisinin sayı xeyli artan şəhərin kommunikasiya işlərinin 90% icra edilib. Geniş küçələrdə, parklarda qocalardan daha çox, cavanlara rast gəlmək olur. Təzələnmiş şəhər, abad evlər, müasir tikililər, yeni perspektivlər gəncləri də doğma yurda çəkir. Mərkəzdə yerləşən “Sənətkarlar məhəlləsi”ndə mütəmadi keçirilən dulusçuluq, keramika və digər sənət növləri üzrə master klasslar isə asudə vaxtı faydalı keçirmələri, yeni peşələrə yiyələnmələri üçün gənclərə əla şans verir.
Vaxtilə kənd təsərrüfatı ilə tanınan Xocalının hər həyətində damla üsuluyla suvarılan bostanların salınması Bakı Abadlıq Xidmətinin uğurlu tapıntısı oldu. Minerallarla zəngin qara torpaqda indilik az da olsa, təmiz, halal məhsul yetişdirmək sakinlər üçün sevimli məşğuliyyətdir.
Xocalı şəhərinin düz yanından axıb keçən Qarqar çayı ətrafında salınmış yaşıllıq – yerli sakinlərin bulvar adlandırdıqları ərazi əsas gəzinti, istirahət yeri kimi layihələndirilib. Xocalı bulvarındakı al qırmızı çiçəklərin heç vaxt solmamasının sirri isə İngiltərədən məxsusi sifariş verilmiş dibçəklərin bitki köklərinə qida verən suyu qoruyub saxlama qabiliyyətindədir. Abadlaşdırdığı hər məkana nadir bitkilərdən özəl landşaft dizaynı verən Bakı Abadlıq Xidmətinin hazırda ən böyük fidanlığını Xocalıda qurması da əbəs deyil. Nəinki Qarabağ, Azərbaycanın hər guşəsi qoy Xocalıdan gələn güllərlə bəzənsin...

