İSLAMABAD LAYİHƏSİ - YENİLƏNİR

İSLAMABAD LAYİHƏSİ - YENİLƏNİR

Azərbaycan və Pakistan iqtisadi iş birliyi çərçivəsində nəzərdə tutulan layihələrdən biri İslamabadın Bakı nümunəsi əsasında daha da abadlaşdırılmasıdır. Bu məqsədlə “Bakı Abadlıq Xidməti” MMC dörd böyük layihə həyata keçirib.
 
1. Saidpur qəsəbəsi 
 
15 min əhalinin yaşadığı Saidpur qəsəbəsində yenidənqurma və bərpa işləri aparılıb. Binaların fasadları rənglənib, dam örtükləri yenilənib, bəzi tikililərin qapı və pəncərələri dəyişdirilib. 
Saidpurun piyada yollarına təbii daş və kərpic  döşənib.  
Qəsəbədə yeni infrastruktur qurulub - kanalizasiya sistemi və sanitariya xidməti yaradılıb. 
 
Saidpurun mərkəzindəki  Ghausia məscidi əsaslı şəkildə təmir olunub. Burada həm fasad, həm də daxili təmir-bərpa işləri aparılıb. Restavrasiya zamanı ağ mərmər plitələrdən, keramikadan istifadə olunub. 
 
Qəsəbədə yeni avtodayanacaqlar salınıb. Məktəb binaları bərpa edilib, tarixi abidə sayılan binalarda restavrasiya işləri aparılıb. 
 
Ticarət meydanındakı  mağazalar və iaşə obyektləri - kofeşoplar, suvenir dükanları  tikilib. 
 
Ərazidə müasir landşaft dizaynına uyğun yaşıllaşdırma işləri aparılıb. 
 
Qədim memarlıq ənənələrini  yaşatmaq məqsədilə keçid və pilləkənlərdə, o cümlədən dekor və işıqlandırma işlərində yerli estetika və kolorit qorunub saxlanılıb.
 
Qəsəbənin girişindəki giriş tağı tamamilə yenilənib.
 
2. Srinaqar şossesi
 
Pakistan paytaxtında şəhər mərkəzi ilə hava limanını birləşdirən əsas magistral yolda - 25,5 kilometrlik  Srinaqar şossesində əsaslı təmir-bərpa işləri aparılıb. Magistral yoldakı körpülər və yol keçidləri müasir standartlara uyğun olaraq yenilənib. Yol boyunca milli koloritə uyğun dekor işləri görülüb, boz divarlar  sənət əsərlərini xatırladan dizayn elementlərilə bəzədilib.
 
İslamabadın əsas hissəsi olan 7 Avenyu-dan Zero point adlanan əraziyədək dekorativ işlər görülüb - monumentlər qoyulub, su rezervuarları quraşdırılıb, günəş panelləri sistemi və yeraltı quyulardan suvarma sistemi işə salınıb.
 
Şəhərdəki əsas yol boyunca yaşıllaşdırma işləri aparılıb, landşaft dizaynına uyğun yaşıl zonalar salınıb, həmişəyaşıl ağaclar, dekorativ kollar və güllər əkilib. 26 Chungi adlanan ərazidə təmir bərpa və dekorativ işlər görülüb. Yolun kənarındakı evlərdə təmir və boyama işləri aparılıb.  Təmir zamanı təbii travertin və ağac materialından istifadə edilib.
 
3. “Baku Village” 
 
İslamabadın Nursery adlı məkanında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Davamlı materiallardan istifadə etməklə dekorativ tağları olan divarlar hörülüb.  
Ümumi sahəsi 6 hektar olan “Baku Village”nin 3 hektarında parniklər və mini qolf zonaları salınıb. Parniklərdə buxar sistemindən istifadə etməklə zəruri eko sistem yaradılıb. Burada yetişdirilən dekorativ bitkilər İslamabadın parklarını, bağlarını, yol kənarlarını yaşıllaşdıracaq. 
“Baku Village”də həmçinin insanların istirahəti üçün skamyalar qoyulub, uşaqlar üçün oyun zonaları yaradılıb, iaşə obyektləri tikilib. Ərazidə gəzinti yolları salınıb, dekor və monumentlər quraşdırılıb. 
 
4. Melody Food Park
 
İslamabad sakinlərinin istirahət və əyləncə məkanı kimi nəzərdə tutulan Melody Food Parkda binaların fasadları təbii travertinlə əvəz edilib, pəncərələrin hamısına müasir alüminium profillər qoyulub, bütün damlar bərpa edilib, su və kanalizasiya xətləri tam yenilənib, yüksək gərginlikli elektrik naqilləri yer altına keçirilib, yerə təbii yerli qranit döşənib.
 
Ərazidəki kiçik biznes obyektləri - restoran və kafelər bərpa olunub, mağazalarda yüksək keyfiyyətli dam örtükləri quraşdırılıb. 
 
Məkana xüsusi yaraşıq verən mərmər daş örtüklü, LED işıqlandırmalı, mühərrikli dekorativ su fəvvarəsi istifadəyə verilib, əlavə olaraq üç yeni fəvvarə də qurulmaqdadır. Davamlı yaşıllaşdırma işləri aparılır.
 
Piyada yollar yenilənib, bu zaman mərmər və travertin daşlardan istifadə olunub. Digər yollara asfalt örtüyü çəkilib.