Az

MƏRDƏKAN LAYİHƏSİ

MƏRDƏKAN LAYİHƏSİ

Mərdəkan qəsəbəsində təmir, bərpa və abadlıq işləri

Son illərdə Mərdəkan qəsəbəsində aparılan abadlıq və təmir-bərpa işləri həm tarixi irsin qorunması, həm də müasir mühitinin formalaşdırılması baxımından əhəmiyyətldir. Qəsəbədə müxtəlif istiqamətlər üzrə genişmiqyaslı layihələr icra olunur. Tarixi abidələr bərpa edilir, parklar yenilənir, yaşayış məhəllələri abadlaşdırılır, ictimai infrastruktur yaxşılaşdırılır. Şeyx Kazım hamamının bərpası, Dairəvi Mərdəkan qalası ətrafının yenilənməsi və Nizami Gəncəvi parkının müasir tələblərə uyğunlaşdırılması qəsəbənin ümumi simasına müsbət təsir edib.

Qəsəbədə ümumi rekonstruksiya işləri

Qəsəbənin müxtəlif küçə və məhəllələrində aparılan genişmiqyaslı abadlıq işləri ilə bağlı ərazinin ümumi görünüşünü yenilənib. Rekonstruksiya çərçivəsində bəzi köhnə və zədələnmiş piyada səkiləri təmir edilib, yaşayış məhəllələrində infrastruktur bərpa edilib, küçə və məhəllə girişləri abadlaşdırılıb, binaların fasadlarında yeniləmələr edilib, yeni dam örtükləri quraşdırılıb. Bir çox ərazilərdə tamamilə qəzalı vəziyyətdə olan obyektlər yenidən qurulmuş və müasir şəhər estetikasına uyğunlaşdırılıb.

Şeyx Kazım hamamının bərpası

XVII əsrə aid tarixi Şeyx Kazım hamamı uzun illər baxımsız vəziyyətdə olduğundan istifadəyə yararsız hala düşmüşdü. Abidənin üzərində olan ərəb əlifbalı kitabə belə çətin oxunan vəziyyətdə idi. Aparılan bərpa işləri çərçivəsində hamamın damı və daxili hissəsi tikinti tullantılarından və qır qatlarından təmizlənib, dama yeni keramzit və beton qatları verilib, hidroizolyasiya işləri görülüb, günbəzlərin daş konstruksiyaları bərpa olunub, qapı-pəncərə blokları bərk ağac materialı ilə yenilənib, abidəyə sonradan qanunsuz əlavə edilmiş mişar daşından hörülmüş konstruksiyalar sökülüb, fasadın zədəli və çatışmayan daşları yenidən işlənib, daş kitabə təmizlənərək bərpa olunub.

Dairəvi Mərdəkan qalasının ətrafının yenilənməsi

XIII əsrə aid Dairəvi Mərdəkan qalası (digər adı ilə Şıx qalası) Şirvanşahlar dövrünün memarlıq nümunələrindəndir. 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən inşa edilmiş bu tarixi abidənin ətrafı uzun müddət baxımsız qalmışdı.

Layihə əsasında ərazi tam funksional park məkanına çevrilib, mövcud ağaclar qorunmaqla yeni yaşıllıq zolaqları salınıb, parkı iki tərəfdən əhatə edən divarları yenidən tikilib, yeni əsas giriş kompleksi yaradılıb, köhnə sanitar qovşağı sökülərək müasir mühafizəçi otağı və sanitar qovşaqları inşa olunub, parkda söhbətgahlar və istirahət zonaları qurulub, ərazidə yerləşən 3 qədim quyu bərpa edilib. Bu işlərlə tarixi qalanın ətrafı həm turizm baxımından cəlbedici, həm də yerli sakinlərin istirahəti üçün əlverişli mühitə çevrilib.

Nizami Gəncəvi parkının yenidən qurulması

Mərdəkan qəsəbəsində 3,5 hektarlıq Nizami Gəncəvi parkı tam rekonstruksiya edilib. İşlər çərçivəsində 51 yeni işıq dirəyi quraşdırılıb, 26 zibil qabı dəyişdirilib, 16 yeni oturacaq quraşdırılıb, yeni bulaq tikilib, suvarma sistemi və motorxana bərpa olunub, Nizami Gəncəvinin heykəli restavrasiya olunub, postament yenilənib. Nəticədə park qəsəbənin ən müasir və funksional istirahət məkanlarından birinə çevrilib.

Bu layihələr Mərdəkanda həm turizm potensialını gücləndirir, həm də sakinlər üçün daha rahat, təhlükəsiz və gözəl yaşayış mühiti yaradır.