LAÇIN LAYİHƏSİ - YENİLƏNİR
LAÇIN LAYİHƏSİ - YENİLƏNİR
21 sentyabr, 2022-ci il. Müzəffər Ordunun Ali Baş Komandanı Laçın şəhərinin mərkəzindəki meydanda Azərbaycan bayrağını ucaltdı. Və bu gündən etibarən xüsusi strateji əhəmiyyəti olan Laçının sürətlə abadlaşıb təcili məskunlaşması üçün geri sayım başlandı.
Məkanın gerçək mənzərəsi isə belə idi: sovetlər dövründə şərti sərhəd sayılan Həkəri çayının yatağının daraldığı yerlərdə - bəzən cəmi 5-6 metr məsafədə Azərbaycan əsgəri Ermənistanın silahlı qüvvələri ilə üz-üzə dayanmışdı. Xankəndi, Ağdərə və digər ərazilərdə hələ də separatçılar məğlubiyyətləri ilə barışmırdılar, ərazidə az qala hər gün diversiyalar törədilirdi, hər addımda mina təhlükəsi vardı. Laçına aparan iki yoldan biri tamamilə dağıdılmış, “Şuşa yolu” isə Rusiya “sülhməramlıları”nın nəzarəti altında, yalnız məhdud saatlarda keçid üçün açılırdı. Qarşıda isə bir vaxtlar dağ ətəyində salınmış Laçın şəhərinin xarabalıqları görünürdü...
Cəmi bir neçə aya fövqəladə şərtlər daxilində yeddi min insanın zəhməti və möhtəşəm ruh yüksəkliyi ilə yenidən “ayağa qalxan” şəhərin mənzərəsi hələ də fitnələr qurmaqdan əl çəkməyən işğalçının ruhuna sarsıdıcı zərbə vurdu. Göz qabağındaca hər gün şəkillənən Laçın Vətən müharibəsi şəhidlərinin şücaətinə layiq qəhrəmanlıqla qurulurdu. Bütün kommunikasiya xətlərini sıfırdan yeniləmək, hər biri qayalıqlar üzərində tikilmiş evləri bərpa etmək, doğma yurd yerinə köçəcək sakinlərə rahat yaşayış təmin etmək və nəhayət Laçını Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevirmək Bakı Abadlıq Xidmətinə verilmiş “döyüş tapşırığı” idi...
***
2023-cü il, 28 may. Şərqdə ilk Cümhuriyyətin – müstəqil Azərbaycan Demokratik Respublikasının yaranmasının 105-ci ildönümündə cənab Prezident Laçının ilk sakinlərə açarlar təqdim etdi.
Həmin tarixi günə qədər artıq Laçında əsas infrastruktur layihələr həyata keçirilmiş, kommunikasiya sistemi, rabitə xətləri və s. yenilənmişdi. Axşam düşüncə Laçının bərq vuran işıqları qarşıdakı dağlara qədər yayılır, uzaqdan baxanların gözlərini qamaşdırırdı. İnşaat müasir texnologiyalar və ən keyfiyyətli tikinti materiallarının tətbiqi ilə aparılırdı. Relyefinə görə qədim amfiteatrları xatırladan Laçının köhnə evlərinin yerində damında günəş panelləri quraşdırılmış, özəl tərtibat verilmiş, biri digərinə bənzəməyən tikililər ucalırdı. Şəhərin ən hündür nöqtələrində salınmış teraslardan gözəl Laçının geniş mənzərələri açılırdı.
Meşələri yandırılmış, bütün yaşıllıq örtüyü məhv edilmiş, quru yurda dönmüş şəhərin ekoloji sağlam mühitə çevrilməsi birinci dərəcəli vəzifə sayılırdı. Bu məqsədlə torpağın tərkibini, xüsusiyyətlərini araşdıran mütəxəssislərin cəlb edilməsi ilə bütün ərazidə yerli nümunələrdən başqa, Türkiyədən, İtaliyadan xüsusi sifarişlə gətirilmiş ağaclar əkildi, şəhər nadir dekorativ bitkilər, əlvan çiçəklərlə bəzəndi.
Azərbaycanın bol sulu çaylarından olan Həkəri çayının kənarı bulvar kimi layihələndirildi. Çayın sağ və sol sahilini üzən körpü birləşdirdi, uşaq əyləncə guşəsi, yaxınlıqdakı restoran və “tiny house”ların düzgün tərtibatı ilə Həkəri sahili böyük bayramların keçirilməsi, sakinlərin və turistlərin istirahəti üçün ən münasib məkana döndü. Və 2023-cü il, avqustun 26-da ilk “Şəhər günü”nün qeyd edildiyi gündən bəri Laçın mövzusunun yerli və dünya mediasında geniş işıqlandırılması, quruculuqda nəzərdə tutulmuş bütün hədəflərin gerçəkləşməsinə işarə idi. Doğma el-obasına nisgilli xatirələrlə qayıdan laçınlıların yeni, gözəl şəhəri görüncə gözlərində əks olunan heyrət, sevinc elə bu kövrək anlar naminə gecə gündüz yorulmadan, təhlükələrə məhəl qoymadan çalışan yeddi min zəhmətkeş, fədakar insanın ən böyük mükafatı oldu...
Laçının quruculuğunun əsasında əvvəldən müəyyən konsept dururdu – sənətkarlığın inkişafına təkan verən peşə məktəbləri şəbəkəsinin yaradılması, Laçının Qarabağda müasir rəqəmsal audiovizual incəsənət mərkəzi kimi tanınması tikinti-bərpanın kökündə dayanan başlıca niyyətdir. Ustad Reza Deqatinin şəhərin qədim divarlarını bəzəyən nəhəng əsərləri bu ideyanın ilkin təqdimatı idi. Vaxtilə Qarabağ müharibəsinin nadir xronikasını yaradıb Azərbaycanın haqq səsini dünyaya yayan Deqati azad Laçında işlədiyi fotolarda ən çox uşaqların gülümsər simalarına, parlaq gözlərinə diqqət çəkdi. Gələcəyə sülh mesajı göndərən məsum obrazlar Laçının tərtibatına əvəzolunmaz çalar və dərin məna qatdı.
Azərbaycanda bənzəri olmayan “Hoçazfilm” kinopavilyonu, xalçaçaılıq ənənələrinin dirçəlməsi üçün çalışan “Qasımuşağı” emalatxanası, yerli sənətkarların nəfis əl işlərini sərgiləyən “Gilabi ceramics” yaradıcılıq mərkəzi qədim tarix kitablarında adı Abdallar kimi keçən dolğun bir məkanın mədəniyyətini tanıtmaq üçün hər gün inkişafda, təkamüldədir.
Uca dağların qucağında əsrlər boyu böyüyüb genişlənən Laçın rayonunun təsərrüfatında heyvandarlıq həmişə birinci yer tutub. Məkanın öz təbii potensialını bərpa etmək - qızıl balıqları ilə məşhur Həkəri çayının, saf bulaqların suyu ilə suvarılan bərəkətli torpaqları yenidən cana gətirmək üçün “Bakı Abadlıq Xidməti” tərəfindən açılan müəssisələr bu gün Laçına qayıtmış yüzlərlə sakinin iş yeridir. Qarabağda ilk özəl Aqro-Sənaye parkındakı “Aydınoğlu mebel”, “LATİFA” tikiş fabriki, “Pirshağı” ayaqqabı fabriklərinin açılışında ölkə başçısının şəxsən iştirakı dövlətin məşğulluğun həlli istiqamətində atılan hər addıma necə böyük dəyər verdiyinə sübutdur.
Ən müasir texnologiyalarla təchiz edilmiş müəssisələrdə peşə hazırlığının artırılması məqsədilə müxtəlif yönümlü təlimlər hələ də davam edir. Yeni layihələrin gerçəkləşməsi ilə bağlı qayğılar bitməsə də, Laçını təmsil edən brendlər artıq formalaşmaqda, tanınmaqdadır. “Həkəri balıqçılığ”ın tərtəmiz çay suyunda, ekoloji təmiz qida ilə bəslənən qızıl balıqların, bərəkətli torpağın təbii gücü hesabına istixanalarda qatqısız yetişdirilən tərəvəzlərin, səfalı yaylaqlardan çiçək-çiçək toplanan, min bir dərdə dərman “Can Laçın” müalicəvi otlarının sorağı bütün Azərbaycana yayılıb. Bu il “Şəhər günü” münasibətilə açılan “Həftə bazarı”nda isə “Bakı Abadlıq Xidməti”nə aid müəssisələrin ekoloji təmiz məhsulları ilə bir çox özəl fermer təsərrüfatlarının yüksək keyfiyyətli ət, süd, bal məhsulları yanaşı sərgilənir.
Şəhərin misilsiz gözəlliyinə nikbin ab-hava qatan bu canlanma Laçına olan marağın əsas səbəbidir. Təsadüfi deyil ki, yerli sakinlər darıxmasın deyə, köhnə klubun yerindəcə əsaslı təmir edilərək istifadəyə verilən “Lacinema” kinoteatrı və şəhərin mərkəzi küçəsində laçınlı sənətkarların görüş yeri kimi düşünülən “Yurd” qalereyası hazırda beynəlxalq səviyyəli layihələrin – təqdimat, premyera və sərgilərin keçirildiyi əsas lokasiyalardır.
Laçına gələnlərin gecələdikləri kiçik hotellərin, restoranların bütün xidmət personalı elə qonaqpərvər laçınlılardır. “Naxışlı” tikiş evinin məkana xas ornametlərlə bəzənmiş süfrə, yaylıq, çantalar hazırlayan xanımları və qədim abidələrinin təsvirini gil qablar üzərinə köçürən “Gilabi” ustaları isə Laçından xatirə aparmaq istəyənlərə daim yenilənən rəngarəng suvenir xətləri təqdim edirlər...
LAÇINLILAR





