TURŞSU LAYİHƏSİ
TURŞSU LAYİHƏSİ
Şuşa rayon inzibati ərazi dairəsinə daxil olan Turşsu qəsəbəsi Kiçik Qafqazın Qarabağ silsiləsində, Kiçik Kirs dağı yaxınlığında, Sağsağan dağının ətəyində, Şuşa-Laçın yolunun 17-ci kilometrliyində, dəniz səviyyəsindən 1938 metr yüksəklikdə yerləşir. Prezident İlham Əliyevin 2024-cü il, may ayının 10-da təməlini qoyduğu Turşsu qəsəbəsində yenidənqurma işləri sürətlə davam edir. Qəsəbə sakinləri 353 ailə olmaqla 1403 nəfərdən ibarətdir. Qəsəbə ərazisində 353 fərdi yaşayış evlərinin tikintisi ilə yanaşı çoxmənzilli ümumi yaşayış evləri, inzibati binalar, o cümlədən 352 şagirdlik məktəb binası və 100 yerlik uşaq bağçasınında tikintisi nəzərdə tutulub. Ümumilikdə qəsəbənin coğrafi mövqeyi turizm sektorunun inkişafı üçün əlverişlidir. Gözəl təbiəti, nadir rast gəlinən iqlimi, möcüzəli “turşsu” mineral bulağı ilə qəsəbə əvvəllər də Qarabağın ən səfalı guşələrindən sayılıb, məşhur kurortlardan biri kimi tanınıb. Bu məqsədlə konsept layihədə yaşayış kompleksləri ilə yanaşı otel, istirahət mərkəzləri və digər obyektlərin tikintisi də öz əksini tapıb.



