Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bibiheybət qəsəbəsinin abadlaşdırılması

Bibiheybət qəsəbəsində yenidənqurma və abadlıq işlərinə 2019-cu ildən başlanılıb. Çoxsaylı yaşayış evlərinin fasadları yenilənib, əlavə eyvanlar, lokal küçə işıqlanması və talvarlar qurulub. Evlərin damörtüyü, qapı və pəncələri dəyişdirilib. İctimai binalar tikilib, sakinlərin istirahəti üçün kiçik meydançalar və fəvvarələr salınıb. Bəzi küçə və dalanlara avtomobillərin girişi məhdudlaşdırılıb və piyadaların sərbəst hərəkəti təmin olunub. 

Dalanların biri qısa məsafədə üstü qara rəngə boyanmış taxta üzüm talvarı ilə örtülüb. Dalan boyunca hər iki tərəfdə yerləşən evlərin divarları bir-birindən seçilməyəcək qədər oxşar rənglənib, bəzənib. Qapılara poçt qutuları vurulub, divar boyunca içində bitkilər əkilmiş qədim küpəbənzər iri saxsı qablar düzülüb. 
Qəsəbədə köhnə su xətləri yenilənib, yeni elektrik xətti, qaz xətti, rabitə xətti çəkilib. Suvaq və rəngləmə işləri görülərək qəsəbədaxili küçələrdə divarlar səliqəyə salınıb, küçələrə daş döşənib.

Küçələrin birində üzərində qəsəbənin qədim tarixini əks etdirən simvollar oyulmuş daş lövhələr qoyulub. Həmin daş lövhələrdən birinin üzərində fontan üsulu ilə neft çıxaran qədim neft buruğu və yanında orada işləyən fəhlələr əks olunub. Başqa bir daş lövhənin üstünə qədimdə neft daşımaq üçün istifadə olunan dəvə karvanı həkk edilib. Həmçinin, burada dünyada ilk neft tankeri “Zoroastr”ın, 1901-ci ildə istismara verilən Bibiheybətdəki ilk elektrik stansiyasının daşdan oyulmuş lövhələrinə də rast gəlmək olar.

Qəsəbədə aparılan yenidənqurma işləri zamanı mərkəzdə geniş park salınıb. Meydanın mərkəzində ortasında kiçik fontan olan rotonda – pavilyon yerləşir. Rotonda – çox vaxt sütunlar üzərində qurulan dairəvi və ya yarımdairəvi qübbəli kiçik tikilidir. Həmçinin, parkda sakinlərin istirahəti üçün oturacaqlar qoyulub.