Balaxanı “Çiçəkli” yarmarkaya hazırlaşır
Bakı Abadlıq Xidmətinin baş sponsorluğu ilə Bakı kəndlərində ilk yarmarka keçirildi. Paytaxt kəndləri arasında illərdir öncüllüyünü qoruyub saxlayan Balaxanı bu yeniliyə də ilk ev sahibliyi etdi. Payızın ilk yarmarkası bostanın ən böyük məhsuluna — balqabağa həsr olundu.
Oktyabrın 24-dən noyabrın 1-dək davam edən yarmarkanın sorağı hər yana yayıldı. İnsanlar axın-axın Balaxanıya üz tutdular. Uşaqlar üçün bayram, böyüklər üçün əyləncə. Milli yeməklər — qəlyə və qutablar, müxtəlif şirniyyatlar, mürəbbələr, orijinal reseptlə hazırlanmış desertlər, həmçinin məxsusi yarmarka üçün sifariş verilmiş suvenirlər, bəzək və məişət əşyaları sayəsində Balaxanı bir həftə sərasər payız rənglərinə büründü.
Balaxanıda keçirilən balqabaq yarmarkasına gələnlər təəssüratlarını bol-bol paylaşdılar. Həftə boyu telekanallar, informasiya saytları, sosial şəbəkələr payızın qızılı rənginə büründü.
Yarmarkanı keçirməkdə məqsəd yerli fermerlərə stimul verməklə kənd təsərrüfatına dəstək olmaq idi. Nəticə elə uğurlu oldu, insanlar tərəfindən elə coşquyla qarşılandı ki, təşkilatçılar bu işi davam etdirmək qərarına gəldilər. “Çiçəkli payız” adlı növbəti yarmarka noyabrın 7-də başlanacaq. Təmir-tikinti, abadlıq işləri ilə məşğul olan Bakı Abadlıq Xidmətinin əsas fəaliyyət sahələrindən biri də yaşıllaşdırmadır. Yeni yarmarka istehsalın məhz bu xəttini nümayiş etdirəcək. Təbiətdə rənglərin solğunlaşdığı, çiçək mövsümünün sona çatdığı bir vaxtda Balaxanı əsl gülüstana dönəcək. Əlvan dekorlar, şəfalı çaylar, milli mətbəxin ətirli təamları soyuq payız günlərində gözəl bahar mənzərəsi yaradacaq.
Vaxt eləyib yolunuzu Balaxanıdan salın. Fotosessiyalar üçün gözəl məkan, uşaqlarınız üçün əyləncə, özünüz üçün sərfəli alış-veriş yeri — yenə hamısı bir arada olacaq — Balaxanıda.

