Az

Dağılmış kinopavilyon bərpa edilir

17 iyun, 2026 15:06

1982-ci ildə ekranlara çıxmış və əfsanəvi müğənni Müslüm Maqomayevin baş rola çəkildiyi “Nizami” bədii filminin lentə alındığı kinopavilyonda hazırda Bakı Abadlıq Xidmətinin mütəxəssisləri tərəfindən əsaslı təmir-bərpa işləri aparılır. Uzun illər ərzində baxımsız qalan pavilyonun dam örtüyü, interyeri, divarları və digər konstruktiv elementləri yenilənərək məkanın funksionallığı bərpa olunur.

 

Məlum olduğu kimi, Nizami Gəncəvi ömrü boyu Gəncədən ayrılmayıb və şəhəri dəfələrlə sarsıdan zəlzələlər nəticəsində onun yaşadığı ev günümüzə qədər qorunub saxlanılmayıb. Bu baxımdan, vaxtilə Nizaminin evini canlandırmaq üçün yaradılmış kinopavilyon dahi şairin simvolik evi kimi xüsusi əhəmiyyət daşıyır.

 

Hazırda rejissor Elxan Cəfərov XII əsrin görkəmli memarı Əcəminin həyatından bəhs edən bədii film üzərində çalışır. Filmdə bir sıra interyer səhnələrinin məhz bu kinopavilyonda çəkilişi nəzərdə tutulur. Bu səbəbdən pavilyonun bərpası təkcə bir tikilinin yenilənməsi deyil, həm də yeni kino layihəsinin həyata keçirilməsi üçün mühüm hazırlıq mərhələsidir.

 

Kinopavilyon adi tarixi məkan deyil. O, işıqlandırma sistemlərinin quraşdırılması, kameraların sərbəst hərəkəti, dekorasiyaların yerləşdirilməsi və mürəkkəb çəkiliş prosesinin təşkili üçün xüsusi olaraq nəzərdə tutulmuş peşəkar kino məkanıdır. Buna görə də pavilyonun bərpası milli kinomuz üçün əlamətdar hadisə hesab oluna bilər. Yenilənmiş məkan gələcəkdə orta əsrlər dövrünə aid tarixi və bədii filmlərin istehsalı üçün də əlverişli yaradıcı platforma rolunu oynayacaq.

VİDEO

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR