“Laçın, qubernator və mən” filminin premyerası baş tutub

28 August, 2025 15:08

 “Laçın, qubernator və mən” tammetrajlı bədii-sənədli filminin premyerası MDB ölkələrinin Beynəlxalq Kino Günləri çərçivəsində anşlaqla keçirilib.

 

Təqdimatda Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov, nümayəndəliyin səlahiyyətli şəxsləri, Bakı Abadlıq Xidmətinin rəhbərliyi və əməkdaşları, Dövlət Film Fondunun nümayəndələri, kino ictimaiyyəti, Laçın rayonunun ziyalıları və sakinləri iştirak ediblər.

 

Film Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun həyatı və siyasi fəaliyyətini əks etdirir. Bu ekran işi Bakı Abadlıq Xidməti tərəfindən yaradılan “Hoçazfilm” kinostudiyasının ilk böyük tammetrajlı istehsalıdır. Filmin rejissoru Amil Məmibəyli, ssenari müəllifləri isə Şərif Ağayar və Amil Məmibəylidir.

 

Azərbaycan kinosunda ilk dəfə olaraq bir neçə genişmiqyaslı səhnədə süni intellektdən istifadə olunub. Çəkilişlər Türkiyənin İstanbul və İzmir şəhərlərində, həmçinin Bakıda və Laçında aparılıb. Filmdə, həmçinin Xosrov bəy Sultanovun imzası və möhürü ilə bağlı, uzun illər Türkiyə dövlət arxivlərində gizli saxlanılan və 2023–2024-cü illərə qədər yayımı qadağan edilən unikal sənədlər də yer alıb.

 

Araşdırma, bədii təxəyyül və vizual poetikanın vəhdəti olan film tamaşaçılar tərəfindən alqışlarla və duyğulu anlarla qarşılanıb.

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR