Laçında Beynəlxalq Müəllimlər Günü qeyd edildi

“LaCinema” kino mərkəzində keçirilən bayrama bütün laçınlı müəllimlər dəvət almışdı.
“LaCinema”nın nümayəndəsi Təranə Qafarlıdan aldığımız məlumata görə, tədbirin keçirilmə təşəbbüsü elə kinoteatrın rəhbərliyinə məxsusdur. Ümumiyyətlə, Laçındakı mədəni tədbirlərin əksəriyyəti bir qayda olaraq, bu məkanda baş tutur.
Xatırladaq ki, daha öncə, 27 sentyabrda şəhidlərin əziz xatirəsinə həsr olunan Anım Günü kinoteatrda yüksək səviyyədə qeyd olunmuşdu. Sözügedən tədbirdə olduğu kimi Müəllimlər Günündə də “Bakı Abadlıq Xidməti” və Azərbaycan Prezidentinin Laçın şəhərindəki xüsusi nümayəndəliyi öz dəstəklərini göstəriblər.
Tədbirdə Laçında fəaliyyət göstərən 3 məktəb, 2 məktəbəqədər müəssisənin müəllimləri, təqaüddə olan pedaqoqlar, qazilər, dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Məktəblilər öz müəllimlərini güllər və açıqcalarla qarşılayıblar. Laçındakı yaradıcılıq mərkəzlərindən biri olan “İslimi Carpet” şirkəti tərəfindən isə hər məktəbə və məktəbəqədər müəssisəyə hədiyyələr verilib, həmçinin “Müəllim” adlı sosial çarx nümayiş olunub.
Tədbirdə “Laçın Abadlıq Xidməti”nin rəhbəri, İkinci Qarabağ müharibəsində döyüşən Nəsimi Əsədov, Prezidentin Laçın şəhərində xüsusi nümayəndəliyinin məsul əməkdaşı Hüseyn Quliyev və məktəblərin qocaman müəllimləri çıxış ediblər. Təqaüddə olan müəllim Kifayət Sadıqova 44 günlük Qarabağ savaşında şəhid olan vaxtilə şagirdləri olmuş hərbçilərdən söz açıb, xatirələrini bölüşüb.