Malıbəylidə böyük fidanlıq

Bir il əvvəl “Bakı Abadlıq Xidməti”nin mütəxəssisləri işğaldan azad olunmuş Malıbəylidə yaşıllaşdırma müəssisəsi açmaq qərarına gəldilər. “Bakı Abadlıq Xidməti” 7 hektarlıq ərazini gülüstana çevirib, əkin üçün yararlı vəziyyətə gətirib, istifadəsiz qalmış torpaqlar yenidən canlanıb. Ardıc, Leylandi sərvi, Azironika sərvi, Yapon gərməşovu kimi şitillər əkilib.
Bu gün Malıbəylidəki fidanlıqda 300 minə qədər dekorativ bitki var. Müəssisədə çalışan 20-30 bağban hər bitkinin “dilini” bilir. Bitkilərin eləsi parlaq günəşi “sevir”, eləsi küləklə “yola getmir”, eləsi soyuğa, digəri isə istiyə uyğunlaşır. Bitki yetişdirmək yalnız suvarmaqdan ibarət deyil. Bitkilərə mütləq qaydada gübrə verilir, vaxtında budanır.
Ümumilikdə, yaşıllaşdırma rentabelli sahədir. Fidanlıqda bitkilər yetişdirilir və aqrotexniki qaydalara uyğun qablaşdırılıb yeni ünvana göndərilir. Bu dekorativ bitkilər uzunömürlüdür. Böyüdükcə hər birindən çiling əldə edib yenidən artırmaq olur.