Şəkidə abadlıq və bərpa işləri həyata keçirilir
Bakı Abadlıq Xidməti tərəfindən Şəki şəhərində abadlıq, təmir-bərpa işləri həyata keçirilir. Əsas məqsədi şəhərin tarixi-memarlıq irsini qorumaqla, müasir şəhərsalma prinsiplərinə uyğun, rahat və estetik şəhər mühiti formalaşdırmaqdır.
Aparılan işlər çərçivəsində Şəkinin əsas küçə və prospektlərində yolkənarı infrastruktur yenilənir, yaşayış evlərinin fasadları, hasarlar, darvazalar, qapılar və səkilər bərpa edilir. Zəruri hallarda dam örtükləri təmir olunur və ya yeniləri ilə əvəz edilir. Bərpa prosesində Şəki şəhərinin memarlıq ənənələrinə uyğun rəng çalarları və yerli tikinti materiallarından istifadə olunur. Kərpic, qaya daşı, taxta və xüsusi məhlullar layihənin əsas materiallarını təşkil edir.
Layihənin mühüm hissəsini şəhərin tarixi küçələrindən biri olan Calğalıbulaq küçəsi və bu küçə ilə əlaqəli parkların yenidən qurulması təşkil edir. Küçəyə birləşən M.Füzuli, M.F.Axundov və B. Vahabzadə adına parklar kompleks şəkildə abadlaşdırılacaq.
Bu parklar arasında M.Füzuli parkı xüsusi əhəmiyyət daşıyır. Füzuli Parkının bərpası üçün xüsusi konsept layihə hazırlanıb. Layihə parkın ziyarəti zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərovun tövsiyələri əsasında işlənib.
Layihə çərçivəsində parkın tarixi simasını əks etdirən mozaik pannolar, heykəltəraşlıq elementləri və digər memarlıq detallarının bərpası nəzərdə tutulur. Vaxtilə fəaliyyət göstərmiş "Yay teatrı" da bərpa olunaraq şəhər sakinlərinin istifadəsinə veriləcək.
Füzuli parkında geniş yaşıllaşdırma işləri də aparılacaq, ərazi funksional şəkildə zonalara ayrılacaq. Burada uşaqlar üçün oyun meydançaları, istirahət məkanları yaradılaraq parkın bütün yaş qrupları üçün cəlbedici ictimai məkana çevrilməsi təmin ediləcək.
Abadlıq işləri Şəki Şəhər İcra Hakimiyyəti və aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Layihə Yuxarı Baş Tarix-Memarlıq Qoruğu ərazisindən kənarda icra olunsa da, görülən bütün işlərdə qoruğun memarlıq üslubu və şəhərin özünəməxsus tarixi siması əsas prinsip kimi qorunur.





