Bakı kəndlərində yeni bir başlanğıc
Bu dəfə Bakı Abadlıq Xidməti kənd və qəsəbələrdə iməcilik ənənəsinin dirçəlməsi üçün ideya verdi, təşəbbüsə qoşulanlara dəstək oldu. Abadlıq işlərinin aparıldığı ərazilərdə sakinlərlə şirkətin əməkdaşları səylərini birləşdirdilər. İlk böyük iməcilik Maştağada keçirildi. Sonra Binə qəsəbəsində, Şağanda… Balaxanıda da ağsaqqallar yerli camaatı abadlığa cəlb etdilər. Kənd cavanlarının, yeniyetmələrin apardıqları təmizlik işlərinə uşaqlar da canla-başla qoşuldular. İməcilik kütləvi xarakter alıb məhəllə-məhəllə yayılmağa başladı. Küçələr, dalanlar, tinlər, səkilər daş-kəsəkdən, kol-kosdan təmizləndi. Kütləvi iməciliyə kəndin qadınları da qoşuldu – çay dəmləyən kim, meyvə doğrayan kim, şirniyyat bişirib paylayan kim. Bakı Abadlıq Xidməti bu işə həm işçi qüvvəsi, həm avadanlıq, həm də tikinti materialları ilə dəstək oldu – boya, bel, otbiçən maşınlar, daha nələr, nələr.
İməciliyin bir müsbət tərəfi odur ki, kütləvi hərəkata kənd sakinləri özləri nəzarət edirlər.
İməcilik həm təmizlik, həm birlik, həm ünsiyyət deməkdir. Bu aksiyaya bütün kənd camaatı elliklə qoşulanda iş daha keyfiyyətli olur, birlik artır, ünsiyyət yaranır. “El bir olsa”, iməciliklər aksiya halından çıxıb məişətin bir hissəsinə çevriləcək. İnsan öz yaşadığı yerə sahib çıxmasa, adi təmizlik və abadlıq üçün başqalarından imdad diləsə, inkişaf mümkün olmaz.
Bakı Abadlıq Xidməti isə öz tərəfindən bildirir ki, qurumun nəzarətində olmayan ərazilərdə belə iməcilik hərəkatına dəstək olacaq, materialla, işçi qüvvəsi ilə yardım edəcək. Yetər ki, sakinlərin yurd-yuvalarını təmizləmək istəyi, həvəsi olsun. İstək olsa, hər şey olacaq.

.jpeg)



.jpeg)

