Diplomatlar “Zerti Aqro-Sənaye parkı”nda
Bu gün Laçına səfər edən diplomatik korpus nümayəndələri “Zerti Aqro-Sənaye Parkı”ndakı müəssisələrin fəaliyyəti ilə tanış olublar.
Xarici qonaqlar seleksiya mərkəzində heyvandarlığın inkişafı üçün yaradılmış unikal şəraitlə tanış olublar. Daha sonra “Latifa” tikiş fabrikinə baş çəkən heyət laçınlı xanımların hazırladıqları məhsulları yüksək qiymətləndirib. Elə oradaca “Naxışlı”nın təqdim etdiyi əl işlərinə, həmçinin “Gilabi Ceramics”in sənətkarlıq nümunələrinə baxış keçirilib. Diplomatlar həmçinin “Pirşağı” ayaqqabı fabrikində və “Aydınoğlu” mebel fabrikində istehsalat prosesinə baxıblar.
Bütün investisiya layihələri barədə geniş məlumat alan qonaqları Laçındakı hər detal maraqlandırıb. Onlar Aqro-Sənaye Parkındakı istehsal prosesi, xammalın gətirildiyi məkanlar, məhsulların maya dəyəri və s. barədə müfəssəl məlumat əldə ediblər. Diplomatlar eləcə də istixana və tinglik komplekslərini ziyarət ediblər.
Qonaqlara “Zerti Aqro-Sənaye Parkı”nda istehsal olunan çantalar, köynəklər və suvenirlərdən ibarət simvolik hədiyyələr təqdim olunub.
Nümayəndələrin ən çox diqqətini çəkən “Can Laçın” stendi olub. Heyət üzvlərinin əksəriyyəti Laçının unikal təbiətində yetişən yüksək keyfiyyətli məhsullardan bəyəndiklərini satın alaraq Bakıya əlidolu qayıdıblar.
Xatırladaq ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə sayca 21-ci səfəridir.
Belə səfərlərin əhəmiyyəti ondadır ki, ölkəmizdə fəaliyyət göstərən diplomatlar regiondakı quruculuq işlərini şəxsən görür, Böyük Qayıdışın uğurlu mərhələlərini bizimlə birgə müşahidə edirlər. Onlar bir daha əmin olurlar ki, Laçın iqtisadi inkişaf və turizm üçün əlverişli məkana çevrilməkdədir. Bu isə ölkəmiz haqqında həqiqətlərin dünyaya yayılması baxımından çox vacibdir.











