Bakı yaşıl şəhərə çevrilir

BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransı ərəfəsində paytaxtda sürətli yaşıllaşdırma işləri görülməkdədir. Bakı Abadlıq Xidmətinin əməkdaşları bu dəfə əsas magistralların yol ətrafı sahələrində intensiv fəaliyyət göstərirlər. İlin əvvəlindən Zığ yolundakı 36 kilometrlik sahədəki 108 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb. Həmin sahədə 250 minə qədər bitki əkilib. Zığ yolunda 57865 kvadrat metrlik ərziyə ot örtüyü salınıb. Bütün bu işlərlə hər gün 100-120 nəfərlik işçi heyət məşğul olur.
Paralel olaraq Bilgəh yolunda da yaşıllaşdırma işləri görülür. Yolun 4 kilometri boyunca 4 hektarlıq ərazidə 20 min kvadrat metrlik ot örtüyü salınıb. Ərazidə 30 minə yaxın bitki əkilib. Burada şirkətin 30 nəfərdən ibarət içşi heyəti fəaliyyət göstərir.
Bilgəh-Pirşağı şossesinin də 15 kilometrdən artıq ərazisində 60 minə qədər bitki əkilib. Burada yaşıllığın qorunması işilə hər gün 40 nəfər əməkdaş məşğul olur.
Olimpiya stadionu ilə üzbəüz ərazidə 300-ə yaxın böyük ağac əkilib.
Yeri gəlmişkən istər magistral yollarda, istərsə də stadion yaxınlığında əkilən bitkilərin bir qismi Azərbaycanda istehsal olunsa da xaricdən gətirilən bitkilər də var. Şirkət əsasən İtaliya və Türkiyədən bitkilər alır. Sözügedən dövlətlərin iqlimi Bakıya uyğun olduğuna görə həmin bitkilər tez bir zamanda yeni məkana uyğunlaşır, bizim torpaqda artıb böyüyürlər. Növbəti mərhələlərdə onlardan toxumlar yığılaraq təkrar istehsala buraxılır.
Sadaladığımız statistika quru rəqəmlərlə ifadə olunsa da faktiki olaraq böyük əraziləri əhatə edən yamyaşıl ağaclıqlar, dünyanın müasir landşaft dizaynı standartlarına uyğun əkilib becərilmiş əlvan çiçəklər, göz oxşayan təbiət hadisəsi deməkdir. Beləcə boz ərazilərdə əsl yaşıl oazislər yaradılıb.
Bakı Abadlıq Xidmətinin müntəzəm həyata keçirdiyi yaşıllaşdırma işləri COP-29 çərçivəsində şəhərimizə gələn qonaqları heyran edəcək. Çünki gözəlliyə və abadlığa laqeyd qalmaq mümkün deyil.