Bazar olsun!

26 August, 2025 17:08

26 avqust Laçın şəhəri günü münasibətilə yeni maraqlı layihə təqdim edildi. Zerti Aqro-Sənaye parkında regionda ilk dəfə böyük alış-veriş məkanı - Laçın həftə bazarı fəaliyyətə başladı.

Layihənin əhəmiyyəti ondan ibarətdir ki, Laçın işğaldan azad olunandan sonra yaylaqlara köçən, orada orqanik keyfiyyətli məhsul istehsal edən fermerlərə dəstək məqsədilə nümunəvi bazar modeli yaradılsın. Çünki məhsul istehsal edən kəndli çox zaman alıcıyla birbaşa əlaqə qurmaqda çətinlik çəkir. Həftə bazarı isə imkan verəcək ki, insanlar məhsulu birbaşa istehsalçının özündən alsınlar, heç kəsə əlavə vəsait ödəməsinlər.

Laçın həftə bazarı nəzərdə tutulduğu kimi avqustun 26-da saat 9-da işə başladı. Həftə bazarında Bakı Abadlıq Xidmətinin öz təsərrüfatlarından başqa müstəqil fermer təsərrüfatları - bal, süd, ət, balıq məhsulları istehsalçıları da həvəslə piştaxta arxasına keçdilər. Bu haqda əvvəlcədən sosial şəbəkələrdə geniş məlumat verildiyinə görə laçınlılar və ətraf bölgədə yaşayan yerli əhali böyük maraqla bazara gəldilər. Əsl Şərq bazarında təqdim olunan hər məhsul keyfiyyətli və təzədir.

Bazarın ilk günü Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov, Bakı Abadlıq Xidmətinin və Laçın Abadlıq Xidmətinin rəhbərliyi, həmçinin şəhər günü münasibətilə Laçına üz tutmuş ziyalılar, şəhərin qonaqları da iştirak etdilər. Bazara gələn hər kəs yerli biznesə dəstək olmağa çalışdı, kimsə bazardan əliboş qayıtmadı.

 Həftəbazarı layihəsinin davamlı olması nəzərdə tutulur. İlk təcrübə göstərdi ki, bazar turistlər üçün də maraqlıdır - səyahətdən geri dönəndə yerli məhsullarla, hədiyyə boxçalarıyla qayıtmağı kim istəməz ki.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR