Gəncədə yeni layihələr “Abad məhəllə”
Gəncə Şəhər İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının yerləşdiyi məhəllə və parklarda “ABAD məhəllə” layihəsi çərçivəsində yenidənqurma işləri davam etdirilir. Artıq şəhərin Cəfər Cabbarlı adına parkında təmir-bərpaya başlanılıb, mövcud infrastruktur yenilənərək səliqəyə salınır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aparılan işlərə yerində baxış keçirib.
Şəhər rəhbərinə bildirilib ki, park ərazisində yerləşən üç heykəlin ətrafı abadlaşdırılacaq, mövcud yaşıllıq və bitkilər qorunub saxlanılacaq. Eyni zamanda parkda yenidənqurma işlərinin aparılması da nəzərdə tutulur. Ərazi boyunca velosiped zolağının çəkilməsi, yeni gül və yaşıllıq sahələrinin salınması, piyadalar üçün yeni yolların inşası planlaşdırılır. Parkın davamındakı boş ərazi də parkın tərkibinə daxil ediləcək. Həmin sahədə müasir açıq hava idman qurğuları, idman meydançası və uşaqların istirahəti üçün çoxfunksiyalı uşaq meydançası yaradılacaq.
Bununla yanaşı, şəhərin daha 10 parkında da təmir-bərpa və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

