Gəncə qapıları

28 October, 2025 12:10

Bakı Abadlıq Xidməti tərəfindən Gəncədə aparılan genişmiqyaslı abadlıq və bərpa işləri çərçivəsində diqqətçəkən məkanlardan biri Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksidir.

 

2014-cü ildə istifadəyə verilən və tarixi Gəncə qalasını simvolizə edən abidənin fasadı əvvəlcə yuyularaq təmizlənib, divarlarda ara-dolğu işləri aparılıb, daha sonra isə üzərinə qoruyucu şəffaf lak qatı çəkilib. Bakı Abadlıq Xidmətinin Planlaşdırma və Memarlıq işlərinin rəhbəri Cəmil Kocayevin sözlərinə görə, hazırda Qala Qapılarının üst hissəsində izolyasiya işləri görülür və növbəti mərhələdə həmin hissəyə keramoqranit örtük vurulması nəzərdə tutulur.

 

Abadlıq işləri zamanı abidənin ətrafındakı 11 skamya, həmçinin yazılar, şəhər rəmzləri və heykəllər bərpa olunub. Abidə ərazisində ucalan Azərbaycan bayrağının yerləşdiyi meydança da sahmana salınıb.

 

Təmir-bərpa işləri çərçivəsində Gəncə şəhərindəki bəzi fasadların və divarların dekorativ elementlərlə bəzədilməsi də diqqətçəkən məqamlardandır. Bakı Abadlıq Xidmətinin əməkdaşı İsrafil Fərəcullayevin verdiyi məlumata görə, bu elementlərin heç biri təsadüfən seçilməyib. Bütün dekor-bəzək elementləri, habelə taxta dekorlar Gəncə və Gəncə-Qazax xalçalarının ornamentləri əsasında hazırlanıb. Hazırda bu bəzəklər şəhərin mərkəzi küçələrinə - Heydər Əliyev və Atatürk prospektlərinə, Ozanlar məhəlləsinə xüsusi gözəllik verir və gəncəlilərin böyük rəğbətini qazanıb.

 

Xatırladaq ki, bir müddət əvvəl Laçında aparılan abadlıq işləri zamanı da yerli Qasımuşağı xalçasının ornamentlərindən istifadə olunmuşdu. Beləliklə, Bakı Abadlıq Xidməti bərpa etdiyi ərazilərə həm tarixi naxışları gətirir, həm də nənələrin göz nurundan yadigar qalan rəmzi bəzəklərə ikinci həyat verir.

 

Gəncə şəhərində aparılan abadlıq işləri şəhərin simasının yenilənməsinə, estetik mühitin formalaşmasına və turizm potensialının gücləndirilməsinə xidmət edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR