Laçın nümunə oldu
Laçın şəhərində ötən həftənin bazar günü sakinlərin təşəbbüsü ilə təşkil edilən iməcilik daha da genişlənərək ənənə halını alır. “Bakı Abadlıq Xidməti” və “Laçın Abadlıq Xidməti” əməkdaşlarının da istirahət günü qoşulduqları aksiya Qarabağda yenidən qurulan şəhər, kənd və qəsəbələr üçün bir nümunədir. Sakinlər doğma şəhərin abadlaşmasına, təmizliyinə, yaşıllaşmasına özləri qoşularaq, gözəl bir təşkilatlanma modeli yaradırlar.
Sakinləri ilk dəfə iməciliyə dəvət edən İradə Poladın dediyinə görə, sentyabrın 29-da keçirilən iməciliyə demək olar ki, bütün tanınan, sayılıb-seçilən laçınlılar – yaşlı nəslin nümayəndələri, müəllimlər, həkimlər, polis işçiləri qatılıblar. Səhər tezdən Bayraq Meydanına toplananlar şəhərin mərkəzi küçəsi kimi layihələndirilən H.Əliyev (keçmiş “Azərbaycan”) küçəsindən N.Nərimanov küçəsinədək geniş ərazini tullantılardan, alaqdan, xəzəldən təmizləyiblər. Belə ki, inşaat prosesinin gedişatı üzündən tamamilə baxımsız halda qalmış məkanlar gəzinti yerinə çevrilir.
“Laçının hər döngəsi, ağacı, yarpağı bizə əzizdir” deyən sakinlərin şəhərin hər guşəsində unudulmaz xatirələri var. İməcilik həm də bu xatirələrin qorunması, nizama salınması üçün bir bəhanədir. Ümumi zəhmət insanları doğmalaşdıran, mehribanlıq yayan adətdir. Axı laçınlılar uzun illər torpaqdan ayrı düşsələr də bir olublar – ürəkləri bir, sözləri bir, arzuları bir…
Qarabağa qayıdandan sonra yaranan bütün sualları əlbir olub çözmək daha asandır. Nəsillər arasında sağlam rabitə qurmaq, Laçını hələ indi görən gənclərə doğma yurda sevgi aşılamaq da zəhmət tələb edir...