26 avqustda Laçın Şəhəri Günü qeyd olunub - VİDEO

27 August, 2024 15:08

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 avqust – Laçın Şəhəri Günü ikinci dəfə təntənə ilə qeyd olunub.

 

Şəhər günü Laçının dörd məkanında – Bayraq meydanı, "Lacinema" kinoteatrı, seyrəngah və Həkəri çayının sahilində gerçəkləşib.

 

Bayraq meydanında təşkil edilən açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

 

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın Şəhəri Günü münasibətilə laçınlıları və tədbir iştirakçılarını təbrik edib. M.Məmmədov bildirib ki, artıq ikinci dəfədir keçirilən Laçın Şəhəri Günü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis edilib.

 

Daha sonra hərbi orkestrin müşayiəti ilə tədbir iştirakçılarının "Lacinema" kinoteatrına yürüşü baş tutub.

 

 

 

 

"Lacinema" kinoteatrında “Laçınım mənim” adlı rəsm sərgisi və “Zamanın qanadlarında. Laçın” fotosərgisi nümayiş olunub.

 

Günorta saatlarında qonaqlar üçün “Şuşa, sən azadsan!” sənədli filmi göstərilib. Filmin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.

 

Daha sonra kinoteatrda uşaqlar üçün “Oğurlanmış bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” və “Mənim balaca Şahzadəm” animasiya filmləri təqdim edilib.

 

 

 

 

Bayram tədbiri çərçivəsində seyrəngahda xalq tətbiqi sənəti üzrə təşkil olunan masster-klaslarda şəbəkə, həsirçilik, keramika, misgərlik və s. sahələr üzrə məlumat verilib, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirilib.

 

Daha sonra “Qoçdaş” interaktiv sərgisi təşkil edilib. Müstəqil “Oyuq” uşaq teatrı tərəfindən milli nağıl qəhrəmanlarımız əsasında səhnəciklər göstərilib, Azərbaycanın uşaq kinematoqrafik nümunələrindən ibarət konsert proqramı keçirilib.

 

Bundan başqa, Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Qırmızıpapaq” tamaşası nümayiş olunub. “Qırmızıpapaq” tamaşası laçınlı uşaqların marağına səbəb olub.

 

Həmçinin gün ərzində Həkəri çayının sahilində xalça kəsimi, “Can Laçın” yarmarkası (Laçın mətbəxinin təqdimatı), Dağların nəfəsi – poeziya saatı və uşaqlar üçün tədbirlər (çərpələng uçurtma, maska, şar və torba oyunları, face art və s.) keçirilib.

 

 

 

 

 

 

 

 

 

"Gilabi Ceramics Laçın" butikinin açılışı və Laçın kolleksiyasının təqdimatı da şəhər günü baş tutub. Tədbirin qonaqları Laçının yerli ornamentləri ilə bəzədilmiş məhsullarla tanış olublar.

 

 

Laçın Şəhəri Gününün yekun tədbiri - qala konsert və atəşfəşanlıq olub.

 

Həkəri bulvarında qurulmuş əsas səhnədə şəhər gününün möhtəşəm qala konserti keçirilib.

 

Əvvəlcə Prezident İlham Əliyevin Laçına səfəri və şəhər sakinləri ilə görüşünü özündə əks etdirən kadrlar nümayiş edilib.

 

Musiqi şölənində Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov, Elza Seyidcahan, Günel Şeyxova, ifaçılar Aşıq Ramin, Araz Hümbətli, Kamilə Nəbiyeva, Fuad Musayev, Könül Məmmədli, Vüsal Hacıyev, Murad Arif, həmçinin “Amarok" qrupu, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Laçın” muğam qrupu çıxış ediblər. Daha sonra gənc tarzən İbrahim Babayevin solo çıxışı dinlənilib.

 

Laçın Şəhəri Günü tədbirlərinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub. Azad şəhərin səması rəngbərəng işıqlara bürünüb.

 

Yüksək səviyyədə təşkil edilən bu tədbir laçınlıların və laçınsevərlərin yaddaşında unudulmaz anlarla qalacaq.

 

 

 

 

 

 

VİDEO

ƏN ÇOX OXUNANLAR