Gəncə şəhəri: genişmiqyaslı abadlıq və bərpa işləri

22 July, 2025 16:07

Hazırda Bakı Abadlıq Xidməti tərəfindən Gəncədə genişmiqyaslı abadlıq və təmir-bərpa layihələri həyata keçirilir. Binaların, evlərin fasad və dam örtüklərinin əsaslı təmiri davam edir. Ümumilikdə 138 min kvadratmetr sahədə fasad yenilənməsi nəzərdə tutulub və işlərin böyük hissəsi artıq görülüb. Dam örtüklərinin yenilənməsi üzrə 165,131 kvadratmetr ərazidə proses artıq başa çatıb. Bu isə müəyyən sahələrin planlaşdırılan 91 min kvadratmetrdən daha artıq təmir edilməsi deməkdir.

Şəhərin yaşıllaşdırılması və ictimai istirahət məkanlarının müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Gəncənin bir sıra böyük park və meydanlarında Xan bağı (60,000 kv.m), Nizami parkı (14,700 kv.m), Şəhər meydanı (11,600 kv.m), Bayraq meydanı (50,000 kv.m), Fikrət Əmirov parkı (39,600 kv.m) - ümumilikdə 175,900 kvadratmetrdən çox ərazidə abadlaşdırma işləri görülür.

Atatürk və Heydər Əliyev prospektlərində genişmiqyaslı yaşıllaşdırma aparılır. Parklarda və yaşıllıq olan digər ərazilərdə müasir suvarma sistemləri quraşdırılır. Xüsusilə Xan bağı, Nizami parkı və əsas prospektlər boyunca bu infrastrukturun yaradılması yaşıllığın qorunması və davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

Gəncədə ümumilikdə 37 küçədə təmir-bərpa və işıqlandırma layihələri planlaşdırılıb. Bu küçələrdən 28-də artıq fəaliyyətə başlanılıb. Hazırda abadlaşdırma gedən əsas küçələr arasında Cavadxan, Nizami Gəncəvi, Heydər Əliyev, Atatürk, Teymur Hacıyev, Dədə Qorqud, Tofiq Quliyev, Zərifə Əliyeva, Ozan, Təbriz və digər mərkəzi yollar yer alır.

Gəncə şəhərinin mədəni irsinin qorunması məqsədilə tarixi məhəllələrə xüsusi diqqət yetirilir. Qədim memarlıq üslubunu əks etdirən tikililərin yerləşdiyi ərazilərdə təmir və qismən bərpa işləri həyata keçirilir. Bu baxımdan Ozan məhəlləsində nümunəvi abadlıq prosesinə başlanılıb. Layihə çərçivəsində tarixi fasadlar, qapılar, darvazalar, eyvanlar bərpa edilir və orijinal üsluba uyğun qismən boyanır. Ozan məscidinin yaxınlığında yerləşən Ozan parkının da yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Parkın və küçələrin döşənməsi zamanı ənənəvi kərpic və qənbər daşlardan istifadə edilir.

Gəncə şəhərində yerləşən ümumilikdə 10-a qədər memarlıq abidəsinin fasadı qismən bərpa olunur və səliqəyə salınır. Bu layihələr Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti əməkdaşlarının iştirakı, həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə icra edilir. Abadlıq və bərpa proseslərinə yerli mütəxəssislər – sənətkarlar, rəssamlar, heykəltaraşlar da cəlb olunub. Hazırda heykəllər, barelyeflər, bulaqlar və s. üçün eskizlər hazırlanır.

Küçələrdəki mozaika nümunələri bərpa edilir, müxtəlif dekorativ dizaynlar elementləri, Gəncəyə məxsus milli ornamentlər və simvollar divarlarda əks olunur. Bütün bu yeniliklər Gəncənin həm tarixini, həm də müasirliyini əks etdirən daha gözəl bir şəhərə çevrilməsinə xidmət edir.

Genişmiqyaslı abadlaşdırma və bərpa işləri şəhərin estetik görünüşünün yaxşılaşdırılmasına, turizm potensialının artırılmasına yönəlib. Qədim Gəncə daha müasir, abad və yaşıl şəhərə çevrilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR