Göygöl abadlaşır

17 October, 2025 15:10

Bakı Abadlıq Xidməti Göygöl rayonunda genişmiqyaslı abadlıq və bərpa işləri həyata keçirir. Xidmətin əməkdaşı İsrafil Fərəcullayevin verdiyi məlumata görə, Gəncədən Toğanalı kəndinə gedən yol boyunca Qızılqaya, Hacıkənd qəsəbələri, Aşıqlı və Yeni Zod kəndləri ərazisində yerləşən yaşayış evlərinin fasadları təmir olunur, köhnə dam örtükləri yenilənir, qapı və pəncərələr bərpa edilir. Qapılar rənglənir, hasarlar səliqəyə salınır, həyətyanı sahələrin giriş hissələrinə tamet daşları döşənir, bardürlər yenilənir və yaşıllıq zonalarında təmizlik işləri aparılır.

Abadlıq işləri çərçivəsində dekorativ elementlərə də xüsusi diqqət yetirilir. Sakinlərin rahatlığı üçün evlərin qarşısında oturacaqlar və yelləncəklər quraşdırılır, taxta hasarlarla əhatələnmiş kiçik bostan sahələri səliqəyə salınır. Köhnə dəmir hasarlar müasir üslubda taxta hasarlarla əvəz olunur. Mağazalar və söhbətgahların yerləşdiyi məkanlarda isə stol-stullar, skamyalar quraşdırılır.

Küçə ticarəti ilə məşğul olanlar üçün taxta köşklər və rəflər hazırlanır. Avropa ölkələrində tətbiq edilən konsepsiyaya uyğun olaraq, alıcılar məhsulu satıcısız rəflərdən götürüb, xüsusi qaydada ödəniş edə biləcək.

Abadlaşdırılan ərazi meşə zonasında yerləşdiyi üçün burada quş yuvaları da quraşdırılıb. Yol ətrafındakı beton səthlər rənglənib, bitkilər budanıb, yeniləri əkilib. Qapı və pəncərə önlərində dekorativ güllərin və bitkilərin əkilməsi məkanın estetik görünüşünü tamamlayır.

Sakinlərin və turistlərin rahatlığı üçün səkilər və asfalt örtüklər yenilənir, avtobus dayanacaqları dəyişdirilərək müasir üslubda yeniləri ilə əvəz olunur.

Yol boyunca işıq dirəkləri və fasadlarda dekorativ bralar quraşdırılır.

Təmir-bərpa işlərində əlvan rəng çalarlarına üstünlük verilir, fasadlar və divarlar dekorativ elementlərlə bəzədilir. Kənd təsərrüfatı ilə məşğul olan sakinlər üçün toyuq-cücə saxlamaq məqsədilə taxtadan xüsusi yuvalar da hazırlanır.

Gələcəkdə yerli və xarici turistlərin Göygölə cəlb edilməsi məqsədilə müxtəlif festivalların və yarmarkaların təşkili, həmçinin yerli mətbəxin tanıdılması istiqamətində də işlər planlaşdırılır.

Abadlıq işləri Göygöldə sakinlərin rahatlığına, yaşayış məkanlarının yenilənməsinə, estetik mühitin formalaşmasına və rayonun turizm potensialının gücləndirilməsinə xidmət edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR