“Latifa”da peşəkar təlim

Zerti Aqro-Sənaye Parkında yeni fəaliyyətə başlayan Laçın Tikiş Fabrikinin əməkdaşlarına ötən həftə təlim keçirildi. Rusiyanın Sankt-Peterburq şəhərindən Laçına gələn təlimçi Lyudmila Nikifirova işçi heyətlə İsveçrənin dünyaca məşhur “Bernina” şirkətinin tikiş avadanlıqları üzrə öz təcrübəsini bölüşdü. Bir həftə davam edən təlimlər zamanı məhsul keyfiyyətinin artırılması, avadanlıqlarla işləmə texnologiyası və beynəlxalq standartlara uyğunluq kimi mövzulara xüsusi diqqət yetirildi.
Qeyd edək ki, müasir avadanlıqlarla təchiz olunan "Latifa" fabrikində ev tekstili sahəsində hər növ sırıq işlərini yerinə yetirən iki yüksək keyfiyyətli maşın quraşdırılıb. Beynəlxalq təcrübəli təlimçi əksəriyyəti laçınlılardan ibarət olan əməkdaşlara bu avadanlıqların imkanlarını əyani şəkildə nümayiş etdirdi.
O, həmçinin Laçın şəhərində yerləşən və tekstil istehsalı üzrə tanınan “Naxışlı” müəssisəsində də qonaq oldu. Burada çalışan laçınlılarla görüşərək istehsalat prosesi və avadanlıqlarla bağlı onlara tövsiyələrini verdi.
Yerli sakinlərin tekstil sahəsində beynəlxalq təcrübə ilə tanış olaraq bu istiqamətdə ixtisaslarının artırılması uzunmüddətli məşğulluğun təmini və bölgənin davamlı iqtisadi dirçəlişi üçün mühüm töhfədir.