“Hoçazfilm” beynəlxalq film festivalında

Qarabağda fəaliyyət göstərən ilk kinostudiya “Hoçazfilm” 15 -18 oktyabr tarixlərində Türkiyədə II Yalova Beynəlxalq Film Festivalında Azərbaycanı təmsil edib.
Bakı Abadlıq Xidməti tərəfindən Laçında yaradılan kinostudiyanın direktoru, rejissor Amil Məmibəyli festival çərçivəsində təşkil olunan müzakirə panelində çıxış edərək “Hoçazfilm”in fəaliyyəti, studiyanın məqsədləri və hədəfləri barədə məlumat verib. O, həmçinin Azərbaycan və Türkiyə arasında kino sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə toxunub.
Bu il 101 ölkədən 1153 filmin iştirak etdiyi II Yalova Beynəlxalq Film Festivalında rejissorun “Titrəmə” qısametrajlı bədii filmi də təqdim olunub və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, 26 avqust Laçın Şəhəri Günündə “Hoçazfilm”in istehsalı olan “Laçın, qubernator və mən” bədii-sənədli filminin premyerası olub. Kinostudiyanın “Kölgəsiz adamlar” animasiya filmi layihəsi isə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərindən biridir.