Şəki şəhərində təltifə layiq layihələr
Şəki Şəhər Günü münasibətilə Şəki İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin iştirakı ilə “Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə” mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrində Bakı Abadlıq Xidmətinin Şəki şəhərində həyata keçirdiyi bərpa, təmir-tikinti və abadlıq işləri yüksək qiymətləndirilib. Bakı Abadlıq Xidmətinin baş memarı Rüfət Quliyev və Şəki şəhərində həyata keçirilən layihələrin koordinatoru İsrafil Fərəcullayev iştirakçılara təqdim olunublar.
Hazırda Bakı Abadlıq Xidməti tərəfindən Şəkinin üç böyük parkında genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. Bununla yanaşı, şəhərin əsas küçələrində tarixi-memarlıq simasının qorunması məqsədilə təmir-bərpa işləri görülür, səkilər yenilənir, tarixi qapılar bərpa olunur.
Panel müzakirələrindən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları Bakı Abadlıq Xidmətinin şəhərdə həyata keçirdiyi layihələrlə yerində tanış edib. Nümayəndə heyəti abadlıq işlərinin aparılması nəzərdə tutulan Füzuli parkını da ziyarət edib. Bakı Abadlıq Xidmətinin əməkdaşları parkda həyata keçiriləcək təmir, bərpa və abadlıq işləri barədə ətraflı məlumat verərək layihə ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbir axşam saatlarında Şəki Xan Sarayının həyətində təşkil olunan musiqi proqramı ilə davam edib, ardınca isə təltifetmə mərasimi keçirilib.
Mükafatlandırılanlar sırasında Bakı Abadlıq Xidmətinin baş memarı Rüfət Quliyev də yer alıb. O, Şəki şəhərində tarixi küçələrin bərpası, yenidən qurulması və şəhərin tarixi-memarlıq simasının qorunması istiqamətində göstərdiyi xidmətlərə görə təltif edilib.




.jpeg)

.jpeg)

