"Xalça belə yarandı" - Laçında rəngarəng sərgi
Laçında Həkəri çayı sahilində “Xalça belə yarandı” adlı sərginin açılışı olub.
Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyinin və Bakı Abadlıq Xidmətinin "Xalça belə yarandı" adlı layihəsi çərçivəsində keçirilən tədbirdə Azərbaycandakı diplomatik korpusun üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Sərgidə Rəssamlar İttifaqının üzvü əslən laçından olan Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalçalar və şəxsi kolleksiyasındakı qədim xalça nümunələri nümayiş olunub.
Bu layihədə ecazkar təbiətə malik olan Laçın torpağında, Həkəri çayının sahilində - çobanın yaylaqda qoyun otarması, qoyunun qırxılması, yunun daranması, əyrilməsi və boyanmasından başlayaraq, xalçanın toxunmasına qədər bütün proses mərhələ-mərhələ təqdim edilib.
Tədbirin əsas mahiyyəti Azərbaycan xalçaçılığının inkişaf mərhələlərini ardıcıl nümayiş etdirməklə mədəniyyətimizin ayrılmaz hissəsi olan xalçanın ərsəyə gəlməsini əyani şəkildə nümayiş etdirməkdir. Tədbirdə iştirak edən qonaqlara toxucu xanımlar tərəfindən master-klass keçirilib. Laçında doğulub böyüyən Elnarə Rəsulovanın təqdim etdiyi nümunələr ənənəvi xalça kompozisiyalarından fərqli olaraq haşiyə və çərçivə əsasında qurulmayıb. Onun ideyası ilə toxunmuş "Qarabağ atı" (2023), "Çələbi" (2023), "Ərciman" (2023), "Borçalı" (2024) adlı xalçalarda kompozisiyanın əsasını təşkil edən əriş iplərinin aşkar şəkildə görünməsi əsərlərə xüsusi rəng qatır. Müəllifin "Laçın zirvəsi" adlı xalçasının dəzgahdan kəsim prosesi təntənəli qeyd edilib.
Tədbirdə müəllifin digər əsəri, analoqu olmayan "Ata vəsiyyəti - oğul zəfəri" adlı xalçasının təqdimatı baş tutub. Xalçanın əsas özəlliklərindən biri onun ikitərəfli toxunmasıdır. İpək və yundan toxunmuş bu sənət əsəri 2 il 4 aya ərsəyə gəlib. Tədbirdə, həmçinin müəllifin digər əsərləri də nümayiş olunub.