Xocalıdan çiçəkli salamlar!

Bir vaxt ağrı-acımızın, iztirab və göz yaşımızın ünvanına çevrilən Xocalı indi hər gün gül-gül, çiçək-çiçək böyüyür, gözəlləşir. Ah-naləsi ərşə çəkilən torpaqlar bu gün gül-çiçək ətirli çəmənzarı xatırladır. Göz işlədikcə uzanan ərazilərdə dekorativ bitkilər yetişdirilir. Söhbət Bakı Abadlıq Xidmətinin Xocalıda yaratdığı Fidanlıqdan gedir.
Ərazidə yaşıllaşdırma işləri aparan “Green Garden” şirkətindən müxbirimizə bildiriblər ki, Fidanlığın ərazisi 1,2 hektardır. 30 il baxımsız qalmış bomboz çöllük indi yamyaşıl məkana çevrilib. Burada Afrika zanbağı (aqapantus), dəvədabanı (limonius), yusudum, qaratikan (ligustrum), Teksas qaratikanı (ligustrum-teksanum) kimi dekorativ bitkilər yetişdirilir. Növ seçimi zamanı həmişəyaşıl bitkilərə daha çox üstünlük verilir ki, bu da ilboyu faydalı məhsul götürməyə imkan verir.
Fidanlığa nəzarət ən yeni elmi metodlardan istifadə etməklə həyata keçirilir. Hər səhər fəaliyyətə başlayan işçilərə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə mühəndis tərəfindən xüsusi təlim keçirilir, mövsümə, hava şəraitinə, bitkilərin inkişaf səviyyəsinə uyğun olaraq gündəlik iş planı tərtib edilir, bütün bunlardan sonra kollektiv iş başına keçir. Əməkdaşlar sanki hər gülün, hər çiçəyin dilini başa düşür, günün hansı vaxtı nə iş görmək lazım olduğunu bilirlər.
Xocalı şəhər Fidanlığı ərazisində qızılgül istixanası da yaradılıb. Burada əsasən sarmaşıq güllər, yerli növ qızılgüllər, Holland qızılgülləri yetişdirilir. Bu güllərin əvvəl şilingi əkilir, vaxtı vaxtında qulluq olunur, bitkilər inkişaf etdikcə dibçəklərə köçürülür. Hazırda dibçəklərdə 3000-ə qədər qızılgül var.
Fidanlıqda yetişdirilən dekorativ bitkilər və güllər Bakı Abadlıq Xidmətinin yaşıllaşdırma və landşaft dizaynı işlərini həyata keçirdiyi digər yaşayış yerlərinə göndərilir.
Bu gözəlliyi yaradanlar əsasən yerli Xocalı sakinləridir. Vətəni azad və abad görmək hər birinin çoxdankı arzusudur.
Bakı Abadlıq Xidmətinin bu istiqamətdə gördüyü işlər isə maraqlı təşəbbüs, uğurlu bir nümunədir.