"Yenə o bağ olaydı..."

10 July, 2024 16:07

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

 

Bu bağ həmin bağdır.

Belə deyir qonşular…

 

Bağdan demək olar ki, əsər-əlamət qalmayıb. Qonşuların sözlərinə görə, bu ərazi kəndin məşhur Məlikovlar nəslinə məxsus olub. Pirşağılı Azər bəy bağın sahiblərindən biri Şamil müəllimin iyirmi il öncəki qeydlərini göstərir. Şamil müəllim burada ailə üzvlərinin Müşfiqlə bağlı xatirələrini danışır:

 

“Müşfiq bura daha çox tut vaxtı gələrmiş. Bir gün o, tezdən oyanıb tut yeməyə gedir. Görür, bir ilan tut ağacından sallanıb quyunun üstündəki vedrədən su içir. Tez evə qaçır. Bir qədər sonra bayıra çıxan nənəmlə, atam görür ki, Müşfiq ikinci mərtəbədən qaça-qaça düşüb, darvazaya sarı gedir. Atam nə baş verdiyini soruşur. O da cavab verir ki, işim var getməliyəm.

 

Növbəti dəfə görüşəndə Müşfiq hadisəni danışıb əlavə edir ki, o ilanı görüb qaçdım, bir də mən o bağa gəlmərəm. Əmim sonralar dəfələrlə çağırsa da, gəlmir. Müşfiq bizim bağda çox olub. “Yenə o bağ olaydı” şeirini də bizim bağa yazıb”.

 

Pirşağı məscidinin imamı Əliyulla bəy də Şamil müəllimin dediklərini təsdiqləyir: “Müşfiq bizim kəndə Hacıbaba Hüseynovun, Sona Aslanova və Rübabə Muradovanın, bir də məzarının yanında dayandığımız Hacı Baladadaşın bağına gəlirdi.

 

 

 

Hacı Baladadaş Məlikovlardan olub, özü tanınmış şəxsiyyət idi. Ona yetim-yesir atası deyirdilər. Müşfiq hacının mütəmadi qonağı idi. “Yenə o bağ olaydı” şeirini o bu üç bağın birində yazıb. Mən böyüklərimizdən belə eşitmişəm”.

 

Bağın ətrafındakı qonşularla söhbətləşirəm. Əksəriyyəti Müşfiqin sözügedən şeiri burada yazdığını iddia edib, oxşar əhvalatlar danışır. Rəhilə xaladan başqa. Onun sözlərinə görə, şeir Pirşağıda yox, Buzovnada yazılıb:

 

“Mənim atam da, anam da ziyalı adamlar olublar. O vaxt ziyalı adamlar tez-tez bir yerə yığışırdılar. Valideynlərim Müşfiqi həmin yığıncaqlarda tanıyıb. Onlar əsasən, Buzovnada toplaşırdılar. Anam deyirdi ki, Müşfiq çox yaxşı adam olub. Bu şeiri də Buzovnada yazıb, özü də həyat yoldaşı Dilbərə”

 

Rəhilə xala şeirlə bağlı səslənən iki mübahisəli məsələyə toxunur. Onlardan biri, şeirin harada yazılmasıdırsa, ikincisi, şeirin kimə yazılmasıdır. Birinci başlayaq “Hara” sualından.

 

Mikayıl Müşfiq yaradıcılığını araşdıran ədəbiyyat nümayəndələrindən biri də şair Səlim Babullaoğludur. Məsələ ilə bağlı Səlim bəyin fikirlərini öyrəndik:

 

“Doğrusu, mən “Buzovna-Pirşağı mübahisəsi”nin nə ilə bağlı olduğunu bilmirəm. Bu şeirdəki “Buzovna” sözü iləmi bağlıdır, yaxud şeirin altında qoyula biləcək “Buzovna” sözü ilə? Əgər şeirin “içərisindən” söhbət gedirsə, “Buzovna-Pirşağı mübahisəsi” yersizdir. Çünki bizim əlimizdə Müşfiqin şeiri var və şeirdə Buzovna deyə bəhs edilir. Bildiyim qədər, Pirşağı deyə hər hansı mənbə, əlyazma yoxdur. Necə deyərlər yoxdursa yoxa da sorğu yoxdur.

 

Ümumiyyətlə isə şeirdə coğrafiya ikinci dərəcəli məsələdir, hətta məsələ deyil, əgər ritmə, qafiyəyə, metrə, ahəngə, bəzən də süjetə xidmət etmirsə. Belə hallarda vacib sözü şeirşünaslar deyə bilər. Məhz bu nüansda şeirşünaslıq baxımından vacib nəsə görmürəm, hər iki yer adı üçhecalıdır. Ola bilsin ki, ədəbiyyat tarixçiləri, Müşfiqin bioqrafları üçün bu məqam maraqlıdır; yaxud, pirşağılılar, buzovnalılar üçün.

 

Digər tərəfdən, bilirsiz ki, şeir yazma prosesi çox pünhan prosesdir. Bir qayda olaraq şeir yazan adamın yanında ikinci adam olmur, istisnalar var əlbəttə. İndi kim və necə deyəcək ki, Müşfiq bu şeiri filan yerdə, filan qayanın yanında, filan ağacın kölgəsində, ya da ki kabinetdə yazıb. Üstəgəl, şair müşahidələri bir yerdə edə bilər, hissi impulsları bir məkanda ala bilər, onları kağıza tamam başqa məkanda köçürə bilər.

 

O şeiri oxuyanda bütün sahilboyu yerləri, Bakı bağlarını təsəvvür eləmək olar. Dərinə gedəndə Pirşağı ilə Buzovna arasında nə boyda yol var ki, arada Nardaran, Bilgəh. Yeyin getsən, 25-30 dəqiqəlik yoldur bəlkə də”.

 

Akademik Rafael Hüseynovun “Bağ romanı” məqaləsində isə şeirin 1936-cı ilin yay günlərində Pirşağıda yazıldığı deyilir: 

 

 

“Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: "Ba, nə xoş bir təsadüf". Heç yadımdan çıxmır. Dedi: "Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şey var. O şeiri verəcəm sənə". Bükmüşdü, bir dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama. Sonra açıb baxanda gördüm yuxarısında yazıb: "Arifəyə. Yenə o bağ olaydı". Ürəyimdə dedim, görən, bizim bağı yazıb bu? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir. Uzun müddət qaldı məndə o şeir. Sonra bağışla məni, ərə gedəndə, bir-iki dənə oğlan məktubu-filan vardı, cırdım onların hamısını”.

 

Bu sözlər Ənvər Məmmədxanlının bacısı Arifə xanımın Rafael Hüseynova dediklərindəndir.

 

Dilbər xanımın qızı Leyla Axundzadənin də məsələyə münasibətini öyrənməyə çalışdıq. Leyla xanım bildirdi ki, Dilbər xanımın qızı olduğu üçün sözügedən məsələ ilə bağlı deyəcəkləri fərqli yozula bilər. O, açıqlama verməkdən imtina etsə də, Dilbər xanımın xatirələrindən yola çıxaraq o illərdə Mikayıl Müşfiqin Pirşağıya tez-tez getdiyini təsdiqlədi.

 

“Yenə o bağ olaydı” Pirşağıda yazılıb, ya Buzovnada? Dilbərə yoxsa Arifəyə?  Biz bu sualların cavabını heç vaxt tapa bilməyəcəyik. Bu yazıda sadəcə şeirlə bağlı səslənən iddialardan birinə işıq tutmağa çalışdıq. Yaradıcılığa dair nəsnələri maddiləşdirmək cəhdi mütləq həqiqət vəd etmir. Şair ancaq özü bilir nəyi niyə yazdığını.

 

Aytac Sahəd

 

ƏN ÇOX OXUNANLAR