Xocalı bulvarında yenilik. Gözəl və faydalı.

25 September, 2024 12:09

Xocalı şəhərinin girişində - çay kənarında salınan bulvar estetikası ilə seçilir.  Bulvarın görünüşünə fərqlilik gətirən əsas detal isə əlvan çiçəkli iri dibçəklərdir. Xüsusi olaraq, Xocalı bulvarı üçün İngiltərədən Azərbaycana “Green Garden” şirkəti tərəfindən gətirilən bu dibçəklər gözəlliyi ilə yanaşı, özəlliyi ilə də diqqət çəkir. Çiçəklərin daim təravətli qalmasının sirri onda imiş ki, dibçəklərdə suyun düzgün bölünüb paylanmasına daxili nəzarət var. Bundan əlavə, yeni dibçəklər su sərfiyyatına ciddi qənaət etmək imkanı verir - həftədə cəmi bir dəfə, sərin havalarda isə daha az suvarma tələb edir və gərəyindən artıq suyu saxlamamaq kimi bir qabiliyyəti var.  

 

Xocalıda genişlənməkdə olan bulvarı bəzəyən, kiçik modelləri işıq dirəklərinə bərkidilən “London dibçəklərində” çiçəklər hər zaman baxımlıdırlar.  Xocalının girişindəki “fidanlıq” isə torpağın xüsusiyyətləri nəzərə alınmaqla seçilən nadir bitkiləri, əlvan rəngləri ilə göz oxşayır.

 

Bu mənzərənin səbəbkarı - Xocalının yenidənqurulma və bərpasını həyata keçirən "Bakı Abadlıq Xidməti" tərəfindən 2020-ci ildə yaradılmış “Green Garden” şirkətidir. Hazırda müstəqil fəaliyyət göstərir, öz profili üzrə ölkədə liderlər cərgəsindədir. Şirkətin rəhbəri Ruslan Mürşüdlünün dediyinə görə, mütəmadi olaraq beynəlxalq sərgilərə qatılaraq, dünyanın müxtəlif yerlərindən gətirilən toxumlarla bitki yetişdirilməsi, suvarma sistemlərinin çəkilməsi, peyzaj memarlığı, bağ alətləri və güllərin satışı ilə məşğuldurlar.

 

Bakının mərkəzində salınmış parklarda, mərkəzi magistral yolların kənarında təklif edilən orijinal dizayn yanaşmasında artıq “Green Garden”in imzasını tanımaq mümkündür – innovasiyaların tətbiqinə meyli, saldığı yaşıllıqlara xüsusi qulluğu ilə seçilir.

 

Son illər işğaldan azad edilmiş Qarabağda, “Bakı Abadlıq Xidməti”nin çalışdığı ərazilərdə fəaliyyətini genişləndirən “Green Garden” şirkətinin görəcəyi işlər haqda saytımızın yenilənən xəbərlərində tanış ola biləcəksiniz.

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR