Yeni evlənənlər üçün yeni "backdrop". Bakının tarixi məkanları bərpa olunur

Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən park yeni evlənənlərin ixtiyarına verilib. Xatırladaq ki, bu parkda çox nadir bir sənət əsəri var.
Söhbət 1912-ci ildə milyonçu Murtuza Muxtarovun öz xanımı üçün tikdirdiyi sarayın, indiki Səadət Sarayının qarşısında yerləşən parkdakı “Səadət” mozaikasından gedir. Ötən əsrin 70-ci illərində üç sənətkarın - xalq rəssamı Sirus Mirzəzadə, əməkdar rəssamlar Rəşad Heydərov və Arif Ələsgərovun birgə hazırladıqları böyük mozaika o zaman 540 kvadrat metrlik parkın iç divarına həkk olunubmuş. Mozaikanın qarşısındakı fəvvarədə isə qoşa nişan üzüyü rəmzi yerləşdirilibmiş. Səadət sarayında nikah kəsdirən cütlüklər həmin parka gəlir, mozaika qarşısında fotolar çəkdirirmişlər. Mozaika uzun illər bəy və gəlinlərin fotosessiyası üçün müasir dillə desək, "photo backdrop" - arxa fon rolunu oynayıb. Sonra ölkədə baş verən ictimai siyasi hadisələrə görə bu ənənə unudulub. Uzun illər həmin park baxımsız vəziyyətdə qaldığından oradakı fəvvarə də, mozaika da sıradan çıxıb.
Bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı Abadlıq Xidməti tərəfindən həmin park yenidən qurulub. Bərpa işlərini “Fortis Construction” podratçı şirkəti icra edib.
Xalq rəssamı Sirus Mirzəzadədən aldığımız məlumata görə, bu mozaikanın sifarişçisi yerli Bakı şəhəri 26-lar rayonu İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Həsən Həsənov olub. 1975-ci ildə verilən sifariş üzərində iki ilədək iş gedib. Mozaikanın açılışı 1977-ci ildə olub. O zaman şəhərin ayrı-ayrı məkanlarında mozaikalar qurmaq dəbdə imiş. “Səadət” mozaikasını da üç rəssam birgə hazırlayıb. Sirus Mirzəzadə deyir ki, mozaika yaratmaq bir növ xalça toxumaq kimidir. Xalçaçı rəssam xalçanın çeşnisini verən kimi mozaika rəssamı da tablosunu öncə kağız üzərində çəkir, sonra icraçı sənətkarlar həmin sxem üzrə mozaikanı qururlar - eynən xalçaçı qızlar kimi. Çox maraqlıdır ki, bu gün mozaikanı bərpa edənlər arasında həmin icraçılardan biri də iştirak edib.
Mozaika üzərində iş artıq tamamlanıb. Yeni layihəyə görə park yenidən dizayn olunub, istirahət etmək istəyənlər üçün skamyalar qoyulub, yaşıllaşdırma işləri aparılıb. Beləliklə, Səadət Sarayında ailə quran gənclər fotosessiya üçün uzaq məkanlara getməyəcəklər, sarayın düz qarşısındakı əlvan mozaika gənc ailələrin ilk fotolarında "photo backdrop" kimi əks olunacaq.